Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kiyev üçün mümkün təhlükəsizlik zəmanətlərini Britaniya, Fransa, Almaniya və Ukrayna rəhbərliyinin nümayəndələri ilə telefon danışığı zamanı müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi sosial şəbəkədə yazıb.
"Marko Rubio və Cared Kuşner ilə birlikdə Milli Təhlükəsizlik Məsləhətçiləri Conatan Pauell (Böyük Britaniya), Emmanuel Bonne (Fransa), Günter Sautter (Almaniya), eləcə də Rüstəm Umerov və Vladimir Zelenski ilə Avropa sülh nizamlanmasında mümkün növbəti addımları müzakirə etdik", - deyə o yazıb.
Uitkoffun sözlərinə görə, danışıq zamanı "təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi və münaqişələrin qarşısının alınması üçün effektiv mexanizmlərin yaradılması" müzakirə olunub. "Bu, müharibənin dayandırılmasına və bir daha baş verməməsinə kömək edəcək", - deyə o bildirib.