Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi (Pentaqon) müdafiə sektorunda süni intellektin inkişafı və tətbiqi üzrə yeni strategiyaya start verdiyini elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müharibə naziri Pit Heqset bildirib ki, ABŞ süni intellektin imkanlarından geniş şəkildə istifadə etməyi planlaşdırır və bu istiqamətdə həm hesablama gücünə, həm də məlumat mərkəzlərindən döyüş sahəsinə qədər olan bütün səviyyələrə böyük sərmayələr yatırılacaq.
“Biz yüz milyardlarla dollarlıq özəl kapitalı süni intellektin inkişafı üçün səfərbər edəcəyik. Prezident Donald Trampın sərəncamı bizə hərbi ərazilərdə məlumat mərkəzləri qurmaq və bu infrastrukturun gücləndirilməsi üçün Energetika Nazirliyi ilə sıx əməkdaşlıq etmək imkanı verir”, - deyə Heqset bildirib.
Nazir onu da açıqlayıb ki, Kameron Stenli Pentaqonun Rəqəmsal və Süni İntellekt üzrə növbəti rəhbəri təyin olunub.
Heqset əlavə edib ki, süni intellektin döyüş sahəsində sürətli tətbiqini əngəlləyən tənqidçilərin yaratdığı maneələrin aradan qaldırılması da bu sahədə irəliləyişin vacib hissəsidir.
