Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) federal hakimiyyət orqanları ölkənin daha beş şəhərinə miqrasiya polisi sayılan ICE-nin (United States Immigration and Customs Enforcement) agentlərinin göndərilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Amerikanın "NBC" telekanalına müsahibəsində bildirib.
“Bizim çox ciddi şəkildə nəzərdən keçirdiyimiz beş şəhər var, lakin biz istəyirik ki, bizi ora dəvət etsinlər”, — deyən ABŞ lideri konkret hansı şəhərlərdən söhbət getdiyini açıqlamayıb.
Tramp xatırladıb ki, Ağ Evə gəlişi ilə başladığı ABŞ-dən qeyri-qanuni miqrantların deportasiyası proqramı yalnız ağır cinayətlər törətmiş şəxslərə şamil olunur.
Onun sözlərinə görə, federal hakimiyyət orqanları tam şəkildə yalnız "həqiqətən təhlükəli cinayətkarlara” fokuslanıb — narkobaronları, cinsi zorakılıq törədən şəxsləri və banditləri saxlayırlar.
Tramp qeyd edib ki, görülən tədbirlər nəticəsində minlərlə cinayətkar tutulub.
