...

Zelenski müharibə dövründə seçkilərin təşkili üçün əsas şərtləri açıqladı

Dünya xəbərləri Materials 19 Fevral 2026 08:05 (UTC +04:00)
Zelenski müharibə dövründə seçkilərin təşkili üçün əsas şərtləri açıqladı

Bakı. Trend:

Əgər iki aylıq atəşkəs təmin olunarsa, Ukrayna nəzəri baxımdan seçkilər keçirə bilər.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, tərəfdaşların əsas suala aydınlıq gətirməsi vacibdir: məqsəd həqiqi seçkilərin təşkili, yoxsa onun vəzifədən kənarlaşdırılmasıdır. Zelenskinin sözlərinə görə, Rusiya onun dəyişdirilməsində maraqlıdır və bunun üçün ən sivil yol seçkilərdir. Lakin o vurğulayıb ki, xalqın iradəsinə təsir göstərmək mümkün deyil və vətəndaşlar kimlə yaşamaq istədiklərinə özləri qərar verməlidirlər.

Prezident əlavə edib ki, əgər Vaşinqton Ukraynada sülhə nail olunmasına töhfə verərsə, o zaman ABŞ tərəfindən irəli sürülən müəyyən seçki təşəbbüslərinə mane olmayacaq.

Zelenski bildirib ki, iki aylıq atəşkəs əldə olunacağı təqdirdə, müharibə şəraitində seçkilərin keçirilməsinə dair – hazırda nə parlament, nə də cəmiyyət tərəfindən dəstəklənməyən – məsələdə deputatlarla müzakirələr aparmaq və onları razı salmaq üçün əlindən gələni edəcək. Bununla belə, o qeyd edib ki, hətta iki aylıq atəşkəs belə müharibənin tam başa çatması anlamına gəlmir.

Dövlət başçısı həmçinin vurğulayıb ki, belə bir qərar üçün vətəndaşlar sülh məsələsi ilə bağlı referendumda mövqelərini bildirməli, parlament isə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər etməlidir.

Xəbər lenti

Xəbər lenti