Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil altı ədəd “F-22 Raptor” (stealth) qırıcı təyyarəsindən ibarət qrup transatlantik uçuşdan sonra Böyük Britaniyadakı Leykenhit aviabazasına çatıb. Aviasiya resursu olan “Military Air Tracking Alliance (MATA)”nın məlumatına görə, bu təyyarələr regionda ABŞ qüvvələrinin artırılması fonunda sonradan Yaxın Şərqə göndəriləcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, onların ardınca fevralın 25-də daha altı belə qırıcının da Böyük Britaniyadakı aviabazaya göndərilməsi gözlənilir. Bütün qırıcıların Atlantik okeanı üzərindən uçuşu ABŞ-nin “KC-135 Stratotanker” yanacaqdaşıyan təyyarələrinin köməyi ilə həyata keçirilib.
İsrail KİV yazır ki, bundan bir gün əvvəl 11 təyyarədən ibarət ilk “F-22 Raptor” eskadrilyası İsrailə çatıb. İngiltərədən - müvəqqəti yerləşdirildikləri bazadan - uçuşdan sonra qırıcılar Negev səhrasında yerləşən Ovda aviabazasına eniş edib.
