ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın "Novosti" RİA-ya verdiyi məlumata əsasən, ABŞ ikitərəfli əlaqələr və ərazi münaqişələrinin nizamlanmasında Rusiya və Gürcüstana təzyiq göstərmir. "ABŞ heç kimə, nə Rusiya, nə də M.Saakaşviliyə təzyiq göstərmir. Bu mümkün deyil" - deyə M.Brayza bildirib.
"Mixail Saakaşvili - ölkəsində öz üsulu ilə məsələləri həll edən adamdır və bu yaxşıdır. O da məlumdur ki, biz Rusiyaya təzyiq göstərə bilmirik" - deyə o əlavə edib.
Trend agentliyinin "KAVKAZ-PRESS"ə istinadən yaydığı xəbərə əsasən, dövlət katibinin müavini vurğulayıb ki, ABŞ Rusiya ilə Gürcüstan arasında orta məxrəcin tapılmasına və dondurulmuş münaqişələri sülh yolu ilə həll edilməsinə çalışır.
Münaqişələrdən hansının (Gürcüstan-Osetiya yoxsa Gürcüstan-Abxaziya) həllə daha yaxın olduğu haqqında suala cavab verən M.Brayza deyib: "Deyə bilmərəm. Bu, Moskva, Suxumi və Tsxinvalidəki siyasi iradədən asılıdır. Tbilisidə buna razıdırlar".
ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Amerika rəhbərliyi Gürcüstan prezidentinə hörmət edir. "O, bazar iqtisadiyyatını gücləndirən və Gürcüstanda demokratiyanı inkiaşf etdirən çox qətiyyətli adamdır" - deyə M. Brayza bildirib.