...

Azərbaycanda yeni ictimai nəzarət mexanizmi hazırlanır (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 15 Fevral 2016 12:14 (UTC +04:00)
Azərbaycanda ictimai nəzarət haqqında yeni qanun layihəsi hazırlanıb.
Azərbaycanda yeni ictimai nəzarət mexanizmi hazırlanır  (ƏLAVƏ OLUNUB-2)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ictimai nəzarət haqqında yeni qanun layihəsi hazırlanıb.

Qanu layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiylarının, həmçinin, qanunvericilk aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanan qanun layihəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxarılması təklif olunur.

Qanun layihəsi haqqında danışan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi: "Çünki bu gün ictimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edildi".

Onun sözlərinə görə, bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradılması elan edirlər: "Əsas məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır".

Millət vəkili Fəzail Ağamalı isə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunmasının qanunda əksini tapmasını istəyib. F.Ağamalı Şuranın bu sahədə fəaliyyəti ilə əlaqədar Azərbaycan Prezidenti ilə bərabər Milli Məclisə də hesabat verməsini zəruri sayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin komitədə, Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşda müzakirəsi zamanı təkliflər nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti