Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
"Hesab edirəm ki, hansısa imkanlı adamlar Azərbaycana gəlib burda vəsait xərcləyirlərsə və bu vəsait insanların maliyyə dövriyyəsinə daxil olursa, biz buna sevinməliyik".
Trend-in məlumatına görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə yerli mətbuatda Azərbaycanda VİP turizm sahəsinin inkişafı və ərəb şeyxlərinin Aran zonasında ov etməsi üçün Azərbaycana gəlməsi ilə bağlı yazılan məlumatlara münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda tutizmin bütün növləri, o cümlədən ov turizmi də inkişaf etməlidir:
"Mən burada qanuna zidd hərəkət görmürəm. Bunun cəmiyyətimizə hər hansı mənfi təsirini də görmürəm. Çünki bunlar hamısı dövlət qanunları çərçivəsində olur, bu ova lisenziya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfidən lazımi icazələr verilir".
Ə.Qarayev bütün dünyada belə bir təcrübənin mövcud olduğunu da söyləyib: "Hesab edirəm ki, hansısa imkanlı adamlar Azərbaycana gəlib bu vəsaiti burda xərcləyirlərsə və bu vəsait insanların maliyyə dövriyyəsinə daxil olursa, biz buna sevinməliyik. Çünki bəzən bizi tənqid edirlər ki, Azərbaycana niyə az turist gəlir? Turist gəlib vəsait xərcləməlidir, Azərbaycanın maliyyə dövriyyəsinə vəsait gətirməlidir. Əgər insanlar gəlib müxtəlif turizm növləri ilə məşğul olurlarsa, biz bunları ancaq alqışlamalıyıq. Lakin bunlar lisenziyalar əsasında, qanunvericilik çərçivəsində, Azərbaycanınn təbiətinə xələl gətirməmək, Azərbaycan mədəniyyətinə, tarixi abidələrinə zərər verməmək şərti ilə həyata keçirilməlidir. Bu, normal bir təcrübədir və gələcəkdə də biz belə faktlarla rastlaşacayıq."