Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir M.Əliyev/
Almaniyanın Heidelberq şəhərində təşkil olunmuş "Biliyə əsaslanan səhiyyə naminə" Gənc Təbiblərin II Almaniya Forumunda iştirak etmək məqsədilə səfərdə olan Azərbaycan nümayəndə həyəti Heidelberg Uniklinikasının nümayəndələri ilə görüşdə Almaniyanın bu aparıcı tibb klinikasında azərbaycanlı tələbələrin təhsil almasını və təcrübə keçməsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən bildirilib.
Görüşdə Milli Məclisin deputatları Ceyhun Osmanlı, İlham Məmmədov, Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov iştirak ediblər.
Görüş zamanı Almaniyanın aparıcı tibb klinikalarından biri olan Heidelberg Uniklinikasında Azərbaycan-Almaniya münasibətləri, ölkəmizdə gənclər sahəsində həyata keçirilən fəaliyyətlər və tələbələrin xarici ölkələrdə təhsilinin dəstəklənməsi barədə məlumat verilib. Qeyd olunub ki, son bir neçə il ərzində yalnız Almaniyada tələbə mübadiləsi xətti ilə 500 nəfərdən çox azərbaycanlı gənc təhsil alıb.
150 nəfərdən çox xaricdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlı gəncin iştirakı ilə keçirilən "Biliyə əsaslanan səhiyyə naminə" Gənc Təbiblərin II Almaniya Forumunda azərbaycanlı deputatlar və almaniyalı professorlar çıxış ediblər. Tədbir iki gün ərzində ayrı-ayrı panellər üzrə davam edib.