Azərbaycan, Bakı, 30 aprel /Trend/
Diaspor Jurnalistləri Birliyi (DJB) İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğinə başlayıb. DJB sədri Fuad Hüseynzdə və Latviya-Azərbaycan Dostluq Birliyinin sədri Azər Abasovun həmmüəllifliyi ilə "Azərbaycan İlk Avropa Oyunlarına hazırdır" adlı məqalə Latviyanın "Valmiera24" qəzetində və saytında (valmiera.pilseta24.lv) dərc olunub.
Məqalədə Azərbaycan, eləcə də İlk Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib.
Məqalədə İlk Avropa Oyunlarına Latviyanın 70 idmançısının qatılacağı bildirilir: "Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib. Bu qərara imza atanlar da yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub".
Yazıda Azərbaycanın bütün bölgələrində, eləcə də paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqusunun artdığı qeyd olunur: "Bu istiqamətdə Bakının Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir. Layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib, əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb".