...

Bakı 2015 I Avropa Oyunları ilə bağlı tibbi təlim proqramını başa çatdırıb

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 14:54 (UTC +04:00)
Bakı 2015 I Avropa Oyunları ilə bağlı tibbi təlim proqramını başa çatdırıb.
Bakı 2015 I Avropa Oyunları ilə bağlı tibbi təlim proqramını başa çatdırıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bakı 2015 I Avropa Oyunları ilə bağlı tibbi təlim proqramını başa çatdırıb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə bu gün 950 nəfərdən çox insanın 12 iyunda ilk Avropa Oyunlarının açılış mərasimi başlamazdan öncə tibbi təlim proqramını artıq başa çatdırdığını elan edib. Proqram Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

2014-cü ilin sentyabrında həyata keçirilməyə başlandığı andan etibarən proqramın icrası zamanı tibb təhsili alan 450 tələbəyə ilk tibbi yardım təlimi keçməklə yanaşı 500 həkim, tibb bacısı və təcili yardım işçiləri üçün əsas və təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım vərdişlərinin daha da yaxşılaşdırılması istiqamətində ixtisasartırma kurslarında iştirak etmək, onların beynəlxalq səviyyədə tanınmış ən son üsullara yiyələnmələrini təmin etmək imkanı yaradılıb.

Tibbi təhsil alan tələbələr ilk Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün idman obyektlərində tamaşaçılara ilk tibbi yardım göstərilməsi istiqamətində mühüm rol oynayacaqlar. Həkimlər və tibb bacıları vəzifə öhdəliklərindən asılı olaraq, tamaşaçılara ixtisaslı tibbi yardım göstərəcək.

Təlim proqramı Səhiyyə Nazirliyindən olan 12 təlimçidən ibarət qrup tərəfindən həyata keçirilib. Bakı 2015-in missiya proqramının bir hissəsi kimi, həmin təlimçilər bütün ölkə üzrə ilk və təxirəsalınmaz tibbi yardım vərdişlərinə malik insanların sıralarını genişləndirir. Onlar həmçinin həmin təlim proqramının daha da genişləndirilməsini təmin etməyə yardımçı olurlar.

Tibbi təlim proqramından danışarkən, Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq bildirib: "Bu tədbir qarşıdan gələn illər ərzində Azərbaycanın hər yerində Avropa Oyunlarının insanların həyatı üçün nəzərəçarpacaq fərqli yanaşmaların hansı şəkildə tətbiqi ilə yadda qalacaq bariz nümunədir. Bu tibbi təlim proqramının başlıca məqsədi yalnız Bakı 2015-in bütün tamaşaçılara və idmançılara dövrün tələblərinə cavab verən ən müasir tibbi yardım xidmətlərinin göstərilməsini təmin etməkdən ibarət deyil, eyni zamanda davamlı əsaslarla bu yardımı təklif etməyə qadir olan insanların sayını artırmağa xidmət etməkdən ibarətdir".

Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyya Mustafayeva isə bildirib ki, Bakı 2015 proqramı çərçivəsində ilk Avropa Oyunları zamanı yüksək tələblərə cavab verən ilk və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı olaraq üzərimizə düşən öhdəliklərimizi yerinə yetiririk: "İdmançıların və tamaşaçıların ehtiyaclarını qarşılamaq üçün yetərincə imkanlara malikik və bütün ölkə illər uzunu bu missiyadan lazımınca faydalanmış olacaq."

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015-in media kitabxanasında medianın istifadəsi üçün Birinci Avropa Oyunlarından fotoşəkillər, videoların, məlumatların geniş toplusu var. Kitabxanaya giriş əldə etmək üçün sadəcə [email protected] elektron poçt ünvanına yazın və biz sizi lazımı məlumatla təmin edəcəyik.

Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud az.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, metronun Neftçilər, Əhmədli stansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald's" restoranı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti