Azərbaycan, Bakı, 10 iyun /Trend/
Olimpiya çempionunun oğlu Bakı-2015-dən qızılla getmək istəyir.
Mateuş Volnı 3 yaşı olanda atası onunla güləş üzrə məşğul olmağa başlayıb. Hazırda isə M.Volnı Polşa Milli Komandasının tərkibində təmsil olunur və atası da onun rəsmi məşqçisidir.
Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, M.Volnının atası Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 5 dəfə iştirak edib. O, 2006-cı ildən Polşa millisində məşqçidir. Ata Volnı 1996-cı il Atlanta Olimpiya Oyunlarında yüngül çəki kateqoriyasında qızıl medal qazanıb.
M.Volnı qeyd edib: "Atamın çıxış etdiyi gün anam, babam və nənələrim, əmilərim, dayılarım və onların uşaqları bizə, televizorda yarışa baxmağa gəlmişdilər. O zaman mənim 6 yaşım vardı və tez yatmışdım. Səhər oyananda anam mənə şad xəbəri verdi, dedi ki, "atan qalib gəldi, o, Olimpiya Oyunlarının qızıl medalını qazandı!" Mən isə cavabında "səhər yeməyinə nə var" soruşdum. Hələ o vaxt Olimpiya çempionu titulunun nə demək olduğunu bilmirdim".
Oğul Volnı ilk dəfə 10 yaşında ikən yarışda iştirak edib. İndi isə ilk Avropa Oyunlarında güclü Polşa komandasının tərkibində çıxış edir. O, Bakı-2015-də medal qazanmaq, növbəti aylarda keçiriləcək yarışlarda yüksək nəticələr göstərməklə 2016-cı il Rio Olimpiya Oyunlarında iştirak haqqı qazanmaq istəyir.
25 yaşlı Volnı atasının çatdığı zirvələrə hələ çatmayıb. Onun ən böyük uğuru 2010-cu il gənclər arasında Avropa çempionatında bürünc medal və bu il Parisdə keçirilən Qran-pri turnirində 80 kq çəkidə ikinci bürünc medal olub.
M.Volnı keçən il də Bakıda mübarizə aparıb. Burada keçirilən Qran-pri yarışında 11-ci yeri tutub. Güləşçi Bakını çox bəyəndiyini bildirib: "Mənim Bakıdan xoşum gəlir, çox gözəl şəhərdir. Burada arenalarda həmişə çox yaxşı atmosfer olur və bu il daha yaxşı çıxış edəcəyimə ümid edirəm".