...

Patrik Hikki: Birinci Avropa Oyunlarında qitənin ən yaxşı idmançıları iştirak edəcəklər (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 13:49 (UTC +04:00)
Bakıda birinci Avropa Oyunlarında qitənin ən yaxşı idmançıları iştirak edəcəklər.
Patrik Hikki: Birinci Avropa Oyunlarında qitənin ən yaxşı idmançıları iştirak edəcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunlarında qitənin ən yaxşı idmançıları iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Avropa Oyunlarında iştirak edəcək altı min atletdən yüz əllisi olimpiya mükafatçısıdır, iki yüzü isə dünya çempionudur: "Bu, Avropa Oyunlarında iştirak edəcək idmançıların yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir".

P.Hikki tədbirin təşkil edilməsində xeyli həcmdə iş gördüklərinə görə "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, həmçinin Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimova təşəkkür edib.

O qeyd edib ki, birinci Avropa Oyunları sözün əsl mənasında baxımlı hadisə olacaq: "Birinci Avropa Oyunlarının yarışları dünyanın ən yaxşı arenalarında keçiriləcək".

P.Hikki Bakıdakı Atletlər kəndində yaradılmış şəraitdən məmnunluğunu ifadə edib: "Fəxr edirəm ki, idmanın 12 növü üzrə birinci Avropa Oyunlarının yarışlarında iştirak edəcək idmançılar 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirak etmək üçün kvalifikasiya alacaqlar".

Onun sözlərinə görə, vaxtilə birinci Avropa Oyunlarının necə irimiqyaslı tədbir olacağını hətta təsəvvür etmək mümkün deyildi: "Əvvəllər planlaşdırılırdı ki, Oyunlarda idmanın maksimum 10 növü üzrə atletlər iştirak edəcəklər. İndi isə Avropa Oyunlarında idmanın 20 növündə yarışacaq 6 min idmançı iştirak edəcək".

AOK prezidenti diqqətə çatdırıb ki, "Bakı-2015" birinci Avropa Oyunlarının işıqlandırılması məqsədilə 900 KİV nümayəndəsi akkreditasiyadan keçib və bu, birinci Avropa Oyunları üçün unikal haldır.

P.Hikki deyib ki, Bakı birinci Avropa Oyunlarına çox yaxşı hazırlaşıb və Oyunlar başa çatdıqdan sonra ölkə sakinləri yarışlar üçün tikilmiş obyektlərdən istifadə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti