...

Qənirə Paşayeva Cilovdarlı seçiciləri ilə görüşüb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 Oktyabr 2015 11:50 (UTC +04:00)
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Cilovdarlı kəndinin sakinləri ilə görüşüb
Qənirə Paşayeva Cilovdarlı seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Cilovdarlı kəndinin sakinləri ilə görüşüb.

Trend-in məlumatına görə, çox sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışıb: "Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım".

Daha sonra kənd sakinlərinin yeni yol, yeni tibb məntəqəsi kimi istəklərinin reallaşdığını deyən millət vəkili həllini gözləyən problemlərdən də danışaraq ölkəmiz gücləndikcə yaxın illərdə onların da öz həllini tapacağına inandığını deyib. Seçicilər qarşısında çıxış edən Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə məlumat verib. Bildirib ki, 10 illik fəaliyyəti dövründə Cilovdarlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb. Məsələni bir millət vəkili olaraq daim diqqətdə saxladığını deyən Q.Paşayeva yenidən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə müzakirə aparacağını, sakinlərin bu istiqamətdə fikir və təkliflərini yenə də onlara çatdıracağını deyib.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Q.Paşayeva həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.

Q.Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Seçicilər yenə seçimlərinin millət vəkili Qənirə Paşayeva olacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti