...

Şəhriyarın "Heydərbabaya salam" poeması İranda yeni tərtibatda çap olunacaq

Mədəniyyət Materials 3 Fevral 2011 16:05 (UTC +04:00)
Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması İranda yeni tərtibatda çap olunacaq.
Şəhriyarın "Heydərbabaya salam" poeması İranda yeni tərtibatda çap olunacaq

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması İranda yeni tərtibatda çap olunacaq.

Kitab xəttatlıq və miniatürlərlə yazılıb və tezliklə işıq üzü görəcək. Bunu nəşrə hazırlanan kitabın xəttatı və tərtibatçısı Bəhmən Heydəri deyib. Bu barədə Trend İranın aftab.ir saytına istinadən məlumat verir.

Xəttatlıqla yazılması ilə yanaşı, kitab şeirlərin mətninə uyğun miniatürlərlə bəzədilib, Heydəri deyib. Onun sözlərinə görə, Məhəmmədhüseyn Şəhriyar böyük şair olmaqla bərabər, həmdə mahir xəttat olub. Yeni çap olunacaq kitabda Şəhriyarın öz əlyazmaları da yer alacaq.

2002-ci ildən Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan və İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyat dərsləri alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" jurnalında dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər.

Xəbər lenti

Xəbər lenti