Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Ş.Cavadsoy/
Populyar Azərbaycan estrada müğənnisi və bəstəkarı, naz-qəmzəsi, eləcə də sıltaqlığı ilə yerə-göyə sığmayan Xumar Qədimova haqqında üzücü xəbərlər yayılıb. Etibarlı mənbədən aldığımız məlumata görə, müğənni son 10 gündə ev şəraitində ciddi həkim nəzarətindədir. Buna səbəb isə səs tellərinə möhkəm soyuq dəyməsidir. Trend-ə daxil olan başqa məlumata görə, səsyazma studiyalarında canlı ifadan belə çəkinən Xumar yalnız özəl klinikaların birinə tez-tez gedib-gəlməklə sağlamlığını bərpa etməyi qarşısına məqsəd qoyub.
Məlumatı dəqiqləşdirməkdən ötrü müğənni ilə əlaqə saxlamaq cəhdlərimiz nəhayət ki, öz faydasını verdi. Səsi boğuq olan Qədimova telefonda söhbətin nədən getdiyini bilən kimi qəzəbini gizlədə bilmədi. "Mən yalnız sənətimlə gündəmə gəlmək istəyirəm. Deyirsiniz ki, bunu sizə etibarlı mənbə deyib. Axı, kimdir onlar, bizim haqqımızda nə istəyirlər danışırlar? Səs tellərimdə hər şey qaydasındadır. Düzdür, arada soyuqlamışdım. Amma elə də ciddi problem yox idi", - Xumar Qədimova dedi.Söhbət əsnasında müğənni qorxduğu gizli hisslərindən də bizi məlumatlandırdı. "Əsas odur ki, ruhumun səsi batmasın. Bax, müsibət onda olar. İnanın, səsimin tutulduğu vaxtlar olur. Amma hər zaman ruhumun səsi ilə nəğmələrimi oxuyaram, bundan sonra da oxuyacağam. O ki qaldı klinikaların birində görünməyimə... Əzizlərim, qoy hamı bilsin ki, Allah göstərməsin, əgər səhhətimdə nəsə problem olsa, klinika özü bizə gəlir. Bəli, təkcə həkim yox ha, klinika. Belə də yazın", - Qədimova əlavə etdi.
Sonda təkzib etməsindən asılı olmayaraq, qəlbində sürünən kərtənkələyə belə sevgi ayıran bənzərsiz Xumara həmişə sağlam olmasını arzulayırıq.