...

Samir Bağırovla stilist Samir Əliyev yenidən üz-üzə gəldilər

Mədəniyyət Materials 13 Oktyabr 2011 17:21 (UTC +04:00)
Populyar top-stilist Samir Əliyevin bir vaxtlar yaxın dost münasibətlərində olduğu müğənni Samir Bağırovu özünün bir nömrəli fanatı adlandırması cavabsız qalmadı.
Samir Bağırovla stilist Samir Əliyev yenidən üz-üzə gəldilər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar top-stilist Samir Əliyevin bir vaxtlar yaxın dost münasibətlərində olduğu müğənni Samir Bağırovu özünün bir nömrəli fanatı adlandırması cavabsız qalmadı. Trend-ə danışan Bağırov, adaşı ilə dostluğunu nə səbəbdən bitirdiyinə belə aydınlıq gətirdi.

"Xasiyyət etibarı ilə çox ciddi insanam. Bu səbəbdən də haqqımda kim nə danışırsa, sadəcə susmaqla ona cavab verirəm. Samir Əliyevə gəldikdə isə o, çox qəribə insandır. Dostlar arasında hər şey olur. Bəli, ondan incimişdim. Bir neçə dəfə mənə zəng edirdi, cavab vermirdim. Sonra eşidirəm ki, jurnalistlərə müsahibə verib, saytlarda mənim ünvanıma xoş olmayan sözlər deyib. İnanın, onun haqqımda dediklərini biləndə dəli olmuşdum. Bəlkə də fikirləşib ki, mən onunla münasibətlərimi birdəfəlik kəsmişəm. Bu belə deyildi. İnciməyimin səbəbi ona haradasa dərs vermək idi ki, məni əsəbiləşdirməkdən əl çəksin. Nə deyə bilərəm? Baxmayaraq ki, aramızda qalmaqal yaşanıb, ona "sağ ol" deyirəm. Çətin anlarımda yanımda olub. Onu məni bir nömrəli fanat adlandırması isə gülüncdür. Əgər desəydiniz ki, bu sözləri Samir Əliyev yox, Lady Gaga deyib, haradasa inandırıcı olardı", - Bağırov dedi.

Trend-ə açıqlamasında Samir Əliyev də öz növbəsində müğənniyə cavab verdi. "Şou-biznesdə olan insanların əksəriyyəti bilirlər ki, Samir Bağırov zamanında mənə çox zülmlər verib. Keçmişə qayıdıb, o anları xatırlmaq istəmirəm. Samir Bağırov üçün elədiklərim göz qabağındadır. Amma o nə etmişdi? Müsahibə verib məni təhqir etdi. Hətta "Samir Əliyev kloundur" deməkdən də çəkinmədi. Nə etməliydim? Susmalıydım? Xeyr, məni təhqir etdi və cavabını da aldı. Həyat devizim məndən istifadə edən insanlarla mübarizə aparmaqdır. Düz bir ildir ki, münasibətlərimizə son qoymuşuq. Samirin dediyi sözlər hələ də yadımdadır. Deyirdi ki, mənə zərbə vuracaq. Nə oldu? Mən haradayam, o haradadır? Allah özü hər şeyi görür. Kim kimə nə pislik edirsə, qoy özü və Allahı bilsin. Samir Bağırov zəif insandır və qarşısına çıxan şansları dəyərləndirə bilmir. 2009-cu ildən 2011-ci ilədək nə qədər uğuru varsa, mənim sayəmdə qazanıb. Mən hansısa peşəkar prodüserin görə bilmədiyi işləri gördüm onun üçün. Təşəkkürüm təhqir oldu. Bundan sonra nə istəyirsə danışsın. Daha cavab verən deyiləm", - stilist fikirlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti