...

"YARAT!" təşkilatı Bakıda Faiq Əhmədin "Xarici şəhər" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 6 Aprel 2012 20:18 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı cümə günü Bakıda Filarmoniya bağında rəssam Faiq Əhmədin "Xarici şəhər" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Bakıda Faiq Əhmədin "Xarici şəhər" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı cümə günü Bakıda Filarmoniya bağında rəssam Faiq Əhmədin "Xarici şəhər" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil edilən tədbirdə "YARAT!" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Faiq Əhmədin "Xarici şəhər" layihəsi özündə yer üzünə "taxılmış" və onu dəri üzlük kimi yuxarı qaldıran/çəkib uzadan böyük halqa - heykəltəraşlıq nümunəsini əks etdirir. Sanki gözlə görünməyən böyük barmaq bu üzüyü dartıb çıxartmağa və о da öz növbəsində, mümkün qədər yumşaldaraq və üzərək ağır yer səthini özü ilə dartıb aparmağa çalışır. Fiziki dartınma hissi, simvolik mənada isə genişlənmə, ekspansiya, hüdudlardan kənara çıxma hissi yaradır, sanki nə isə genişlənməyə can atır, böyüməyə, daha həcmli olmağa çalışır.

Bu əsər Qala divarlarında yerləsdiriləcək, belə ki, о, "Xarici şəhər" - "İçərişəhər" qarşıdurması ilə əlaqədardır. Bu qarşıdurma indiki zamanda aşkar fakt kimi qəbul olunur: Azərbaycan dilinə "İçərişəhər" kimi tərcümə olunan "Daxili şəhər" və Qala divarları hüdudlarından kənarda yerləşən, indiki dövrə qədər böyüməkdə və genişlənməkdə olan və Abşeron yarımadasının gündən-günə daha da geniş ərazisini əhatə edən və mənimsəyən "Xarici şəhər" mövcuddur.

Lakin məsələ ondadır ki, hələ XIX əsrin əvvəllərində buna bənzər qarşıdurma mövcud deyildi, "Daxili şəhər" anlayışı yox idi, belə ki, yalnız həmin bu "Daxili şəhər" var idi və digəri sadəcə mövcud deyildi. Amma artıq XIX əsrin ortalarından etibarən neft bumu başlayan zaman şəhər xaricdən hədsiz dərəcədə genişlənməyə başlayaraq, tezliklə Qala divarları hüdudlarından xaricdəki əraziləri əhatə etməyə başladı. Beləliklə, Qala divarları artıq "daxili şəhərə çevrilmiş" əvvəlki Bakını iqtisadi baxımdan sürətlə inkişaf edən "Xarici şəhər" kimi müəyyənləşdirilən indiki Bakıdan ayıran demarkasiya xəttinə çevrildi. Bununla yanaşı, yalnız sənaye və iqtisadiyyat deyil, həm də şəhər əhalisi də artaraq inkişaf edirdi.

Qala divarlarının yaxınlığında qurulacaq "Xarici şəhər" heykəltəraşlıq nümunəsi simvolik olaraq bizim diqqətimizi şəhərin Qala divarlarının hüdudlarından kənarda genişlənməyə yenicə başladığı dövrə yönəldəcək. Beləliklə, bu əsər genişlənmə dinamikasını, müəyyən olunmuş sərhəddən kənara çıxma niyyətini və "daxildən" "xaricə" doğru sürətli sıçrayışı təcəssüm edir.

İçərişəhər ("Qala", yaxud "Köhnə şəhər") 221 min kvadratkilometr sahədə yerləşib. Şirvanşahlar Sarayının və Karvansarayın tikintisinə XV əsrdə paytaxtı Bakıya köçürmüş I Xəlilullahın vaxtında baslanılıb. Bu isə şəhərin əsas nüvəsi olan "Köhnə şəhər"in bərkiməsinə gətirib çıxarıb. İçərişəhər Qalası daxilində böyüyən Bakı 1747-1806-cı illərdə xanlığın paytaxtı olub.

1806-cı ildən etibarən və xüsusilə də neft bumundan sonra (XIX əsrin ortaları - XX əsrin əvvəli) Bakı böyüməyə başladı və Qala divarlarının xaricinə çıxdı. XIX əsrin ortalarında neft bumunun birinci mərhələsində şəhərə gəlmə əhalinin və işçi qüvvəsinin axını çoxaldı. Əgər 1807-ci ildə Qalada 500 yaşayış evi var idisə, 1832-ci ildə onların sayı 1358-ə çatdı.

Vaxt keçdikcə sənətkarlıq və ticarətlə məşğul olan əhalinin ən kasıb təbəqələri üçün Qalanın xaricində şəhərətrafi yaşayış yerləri yarandı. Bu ərazinin formalaşdırılması üçün geniş tədbirlərin həyata keçirilməsi artıq labüd idi. "İçərişəhər" termini məhz neft bumu nəticəsində şəhərin genişlənməsi və onun Qala divarları xaricinə çıxması ilə əlaqədar idi.

Məlum olduğu kimi, Şamaxı Qapıları (həmçinin, "Qoşa Qala Qapıları" və "Şah Abbas Qapıları" kimi adları məlumdur) XIX əsrin sonlarınadək qalan əsas və yeganə giriş-çıxış qapısı olub. 1868-ci ildə hərbi qubernator şəhərin abadlaşdırılması məqsədilə Qafqaz Hərbi Dairəsinə Qala divarlarının sökülməsi üçün müraciət edir. 1886-cı ildə Şəhər Dumasının iclasında bu məsələ bir daha qaldırılıb, nəticədə Qalanın xarici divarları sökülüb, "Zülfüqar Xanın Qapısı" adlandırılan ikinci yarusun darvazası Şamaxı Qapılarının yanına keçirilib. Bununla, "Qoşa Qala Qapıları" anlayışı yaranıb, eləcə də vaxt keçdikcə, "Qala" sözü öz mənasını itirib: o, şəhərlə harmoniya təşkil etməyə başlayıb.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti