Azərbaycan, Bakı, 3 may /Trend, müxbir D.Xatınoğlu/
Eduard Munkun "Çığırtı" (The Scream) rəsm əsəri Nyu-Yorkda 119,9 milyon dollara satılıb. Bu barədə Trend BBC-yə istinadən məlumat yayıb.
Norveçli Munk (1863-1944 ) bu əsəri 4 versiyada çəkib, onun Pastel versiyası Nyu-Yorkun "Sotheby" auksionunda satılıb. Bu ekspressionist əsərdə dəhşətdən bağıran bir insan nümayiş olunur.
Qeyd edək ki, Eduard Munkun bu əsəri dünyada ən bahalı rəsm əsəri olub.
Ekspressionist əsərlər reallıq və obyektivlikdən çox, yaradıcı şəxsin daxili həyəcanı və emosiyalarını nümayiş etdirir.
Bu məktəb Birinci Dünya müharibəsi ərəfəsində Almaniyada rəssamlıq sahəsində yaranıb və sonralar ədəbiyyat və film sahəsinə də daxil olub. Almaniyada çəkilən "Praqalı tələbə" (əsər alman şairi Yohan Volfqanq Götenin "Faust" əsəri əsasında çəkilib), yaxud "Həkim Kaliqarinin kabineti" kino əsərləri ekspressionizmin kino sahəsində nümunələridir.
1948-ci ildə Nobel mükafatına layiq görülmüş şair T.S.Eliotun "Waste land" (Çöllük) əsəri də eksperssionizmə bariz nümunədir.