...

"YARAT!" "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 15 Mart 2013 16:11 (UTC +04:00)
"YARAT!" Müasir İncəsənət Məkanı cümə axşamı birinci "012 Baku Public Art" festivalının uğurlarından ilhamlanaraq "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib.
"YARAT!" "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir V.İmanov/

"YARAT!" Müasir İncəsənət Məkanı cümə axşamı birinci "012 Baku Public Art" festivalının uğurlarından ilhamlanaraq "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib.

Trend-in məlumatına görə, bu layihə, açılışı 2013-cü ilin mart ayının 15-də olacaq, Azərbaycan və xarici rəssamların 10 əsərini özündə cəmləşdirən festivalın keçirilməsindən ibarətdir. "PARTICIPATE Baku Public Art" layihəsinin məqsədi müasir şəhərlər üçün "Public Art"ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.

Açılış mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "Üns" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "YARAT!" Müasir İncəsənət Məkanı təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xaidmləri, diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Aida Mahmudova çıxışı zamanı "012 Baku Public Art Festival" və yeni "PARTICIPATE Baku Public Art Festival" layihələrinin uğurla həyata keçirilməsindən danışıb.

"Ötən il 6 ay ərzində uğurla davam edən "012 Baku Public Art Festival" layihəsində 20-dən artıq rəssam iştirak edib. Qarşıya qoyulan məqsədlərə çata və geniş auditoriyanın müasir incəsənətə diqqətini və marağını cəlb edə bildik. Bu il ikinci layihə olan "PARTICIPATE Baku Public Art Festival"ı təqdim edirik və bu, ötənilki layihədən interaktivliyi və tamaşaçıların bütün rəssamların işində iştirakı ilə fərqlənəcək. Biz festival çərçivəsində, həmçinin azərbaycanlı və əcnəbi rəssamların iştirakı ilə bir sıra birgə maarifləndirici proqram təşkil etmişik", - Aida Mahmudova bildirib.

"YARAT!"-ın təsisçisi, həmçinin layihənin sponsoru olan "Bank Respublika"ya dəstəyə görə təşəkkür edib.

Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Niderlanddan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcək. Festival əsərləri sırasına ABŞ-dan yaradıcı qrup "Rebar"ın səyyar, fiziki guc ilə hərəkət etdirilə bilən park - "PARKCYCLE", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "REZİN ÖRDƏK" və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri daxil edilib. Festivalı xarakterizə edən əsas cəhətlərdən biri də onun mühazirələrlə, seminarlarla, master-klasslarla müşayiət olunması və tamaşaçıların iştirakıdır.

Festivalın Azərbaycandan olan iştirakçıları:

Afət Bağırova
Çingiz Babayev
Fərhad Haqverdiyev
Orxan Məmməd
Səbinə Şıxlinskaya

Xarici ölkələrdən:

Nailə Allahverdiyeva (Rusiya)
"Rebar" qrupu (ABŞ)
"Bulyon" qrupu (Gürcüstan)
Florentin Hofman (Hollandiya)
Patrisio Forester və Artmongers (Böyük Britaniya)

"PARTICIPATE Baku Public Art Festival"ın açılışı bu il ölkəsini rəsmi olaraq Venesiya Biennalesində qurulan "Gürcüstan pavilyonu" ilə təmsil edən "Bulyon" qrupunun "Mənzil 9" əsərinin təqdimatı ilə olub. Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili ağ rəngə boyayıblar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaradacaq və bizi Sovet və post-Sovet dövrlərinin reallıqlarına aparır. Rəssamlara görə, "Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmayıb. "İctimai məkan" anlayışı siyasi təbliğatın aparılması məqsədilə istifadə olunub.

Florentin Hofmanın 12 metr uzunluğunda "Rezin Ördək" adlı əsəri festivalın proqramına xüsusi şuxluq və yumor hissi gətirəcək. Hava ilə doldurulan nəhəng fiqur uşaqlıqla bağlı xoş xatirələri canlandıracaq və tamaşaçıların qəlbində rəğbət doğuracaq. Rəssamın qeyd etdiyi kimi, bu əsərin dərin şəxsi, eyni zamanda, ümumi olan özəlliyi var ki, bu da mədəni, dil və yaş həddini aradan qaldırmağa imkan verir. "Rezin Ördək"lə gözlənilməz qarşılaşma tamaşaçılarda həm sevinc, həm də təəccüb hissi yaradacaq, bizim şəhər mühitində müasir incəsənət haqqında təsəvvürlərimizi tamamilə dəyişdirəcək.

ABŞ-ın "Rebar" qrupunun yaratdığı "Parkcycle" əsəri əslində Bakı küçələrində gəzdiriləcək bir ağaclı kiçik səyyar parkdır. Müəlliflər tərəfindən "ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem" kimi təsvir olunan bu əsər ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl sahələrə çıxış əldə etməsini asanlaşdırıb. "Rebar" qrupunun bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət və imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək və yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təbliğ etməkdir.

Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəyi layihələr festivala gələn tamaşaçıların iştirakını nəzərdə tutur. Bakı şəhərində yaşayan və işləyən insanların həyatını əhatə edən, Afət Bağırova tərəfindən yaradılan "Sirrini Mənə Söylə" əsərində tamaşaçılara qulaq şəklində qurulan quraşdırma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda, əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.

Orxan Məmməd "VİP keçid" adlı əsərində Bakı şəhərində yol-nəqliyyat problemlərini təsvir edib. O, həmçinin piyadaları məlumatlandırmaq və keçidlərdən istifadə dərəcəsini artırmağa çalışacaq. Bunun üçün o, Bakı şəhərində bir o qədər istifadə olunmayan keçidləri bəzəyəcək, "VİP qırmızı xalça" effektini yaradacaq.

Rəssam Çingiz Babayevin yaratdığı fəlsəfi multimedia "Müsbət, ya Mənfi?" adlı layihəyə uyğun olaraq, sakinlərin əhval-ruhiyyəsi sorğu-sual edəcək və bununla onların emosiyaları izhar olunacaq.

Fərhad Haqverdiyev isə əksinə, Bakıda ən özəl və ən baxımsız sayılan məkandan - arxa həyətdən bəhs edəcək. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox zaman nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.

"PARTICIPATE Baku Public Art" festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib. Festivalda iştirak edən rəssamlar şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial və yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.

Festivalın son həftəsi

Festival zamanı müxtəlif ölkələrdən gələn rəssamların, kuratorların və mühazirəçilərin iştirakı ilə təhsil tədbirləri keçiriləcək. Beləliklə, dünya ictimaiyyəti Bakını və Azərbaycanı inqilabi müasir incəsənət məskəni kimi qəbul edə biləcək.

"YARAT!" Müasir İncəsənət Məkanı

Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilmiş "YARAT!" Müasir İncəsənət Məkanı Azərbaycanda müasir incəsənət anlayışının yayılmasına, ölkədə və onun hüdudlarından kənarlarda Azərbaycan incəsənətinin platformasını qurmağa çalışan qeyri-kommersiya təşkilatıdır.

Bakı şəhərində yerləşən "YARAT!" ("yarat" - burada "qur" mənasını verir) təşkilatı davamlı olaraq sərgilər, təhsil tədbirləri və festivallar keçirməklə öz missiyasını yerinə yetirir. Fondlar, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və beynəlxalq incəsənət şəbəkələri arasında dialoqun və təcrübə mübadiləsinin aparılmasına çalışır. Təşkilat ixtisasartırma kursları vasitəsilə qlobal mədəniyyət dialoqu və tərəfdaşlıq sahəsində imkanlardan yararlanır.

"YARAT!" təşkilatının təhsillə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühazirə, seminar, və vorkşopların təşkil edilməsini, "ARTIM" ("artım" - burada "böyümə", "tərəqqi" mənasını verir) Gənc Rəssamlar Proqramı üzrə görülən işləri qeyd etmək olar. "ARTIM" Proqramı Azərbaycanın istedadlı gənclərinin incəsənət sahəsinə cəlb olunması və gənc rəssamlara öz əsərlərini peşəkar kontekstdə nümayiş etdirmək imkanlarını yaradır.

"YARAT!"ın yerli incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərini yerinə yetirmək məqsədilə nəzdində fəaliyyət göstərən "YAY" ("yay" - burada "paylaş" mənasını daşıyır) kommersiya əsaslı sərgi məkanı ilə həyata keçirdiyi tədbirləri qeyd etməmək mümkün deyil. Bu öhdəliyə əsasən, "YAY" sərgi salonu satışlardan əldə olunan bütün gəlirləri rəssamlarla "YARAT!" arasında bölür, bir çox yerli və xarici rəssamlara dəstək olur.

Rəssamların yaratdığı əsərlər:

Xarici iştirakçılar:

Nailə Allahverdiyevanın kurator layihəsi "Cumanci Arzusu"

Rusiya rəssamlarının təqdim etdiyi layihənin məqsədi çoxsaylı heyvan heykəlləri vasitəsilə heyvanlar aləminin şəhər mühitində yerləşdirilməsinə nail olmaqdır. O, heyvanlar aləminə qarşı olan ikili münasibəti təsvir etməklə bir tərəfdən ideallaşdırma və həsrət, digər tərəfdən isə nəzarət və qorxu hisslərini izhar edir. Nailə Allahverdiyeva müasir janrı yaratmağa çalışır və bununla da animalizmin gündəlik həyatımıza nə dərəcədə yaxın olduğunu yada salmaq istəyir.

Rebar qrupu, ABŞ, "Parkcycle" (Səyyar Park)

"Parkcycle" bir ağaclı kiçik səyyar bir parkdır və bir neçə nəfər vasitəsilə onu şəhər içində hərəkətə gətirmək mümkündür. Belə bir "ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem" ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl məkanlara çıxış əldə etməsini asanlaşdırıb. Bu parkı Bakı şəhərinə gətirməkdə məqsəd bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət və imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək, yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təbliğ etməkdən ibarətdir.

"Bulyon" qrupu, "Mənzil 9" (Performans)

Yaradılan əsərdə özəl və ictimai məkanı, habelə Sovet və post-Sovet dövr fərqini təsvir etmək üçün insana xas olan ən şəxsi məkandan - mənzildən istifadə olunub. Tamaşaçıların qarşısında "Bulyon" qrupu mənzili ağ boya ilə rəngləyəcək və sərgi məkanında öz hərəkətlərini izhar etməklə, özəl və ictimai məkan arasında mövcud olan sərhəd məsələlərini qaldıracaq. Ağ boya ilə rənglənmiş mənzil tamaşaçılara dövlətin siyasi təbliğatından azad olan Sovet dövrünün fərdi sərgilərini xatırladacaq. Müəlliflərin dediklərinə görə, "Sovet dövründə ictimai məkan mövcud deyildi, Sovet dövləti tərəfindən "ictimai" adlandırılan məkan siyasi təbliğat məqsədilə istifadə olunurdu.

Florentin Hofman "Rezin Ördək" (Heykəl)

Hollandiyalı rəssam Florentin Hofman Bakı şəhərində adı çəkilməyən məkanda 12 metr hündürlüyündə olan və hava ilə doldurulan "Rezin Ördək" adlı heykəlini quracaq. Rəssamın qeyd etdiyinə görə "Rezin Ördək" sərhədlərə bələd deyil, insanlar arasında ayrı-seçkilik etmir və heç bir siyasi qrupla bağlı deyil. O, dərin şəxsi, eyni zamanda, ümumi özəlliyi olan, mədəni, dil və yaş həddini aradan qaldıran bir əsərdir.

Patrisio Forester və Artmongers, "Fəlakətdə İncəsənət" (Art layihə, seminar və söhbət)

Britaniya kollektivinin xəstəxanada art layihə, çoxsaylı seminarlar və "İncəsənət Sənin üçün nə edə bilər?" adlı mühazirəsi təşkil olunacaq. Nyukomen Mərkəzinin İctimai Komissiyası autizm xəstəliyinə mübtəla olan uşaqlar üçün Avropanın ən nəhəng xəstəxanasında keçirilən layihəni xüsusilə qeyd etmişdi. Bakı şəhərində keçiriləcək layihə problemli uşaqları əhatə edəcək. Kollektiv əhəmiyyətli ictimai dəstək hesabına bu cür uşaqlara yardım etmək məqsədilə yerləşdiyi məkana uyğunlaşan bir əsər yaradacaq.

Azərbaycan rəssamları:

Afət Bağırova "Sirrini Mənə Söylə" (İnteraktiv heykəl)

Afət Bağırovanın yaratdığı əsər bir ictimai etirafdır; insan qulağı şəklində işlənib hazırlanmış bir heykəl bir tərəfdən şəxsi sirləri yazır, digər tərəfdən isə öncədən nəql olunmuş sirləri açıqlayır. Bu layihə digər insanların sirlərini öyrənmək və öz sirlərimizi başqaları ilə paylaşmaqla icimai açıqlılığı təşviq edir.

Orxan Məmməd "VİP keçid" (İctimai quraşdırma)

Müəllif hazırda Bakı şəhərində bir o qədər də istifadə olunmayan, piyadaların həyatlarını təhlükədən qoruyan yeraltı keçidlərdən istifadəni təşviq etmək, bir sıra yeraltı keçidləri VİP xalçalarla və bəzəkli çəpərlə bəzəmək qərarına gəlib. Rəssam piyadaları məlumatlandırmaqla keçidlərdən istifadə dərəcəsini artırmağa nail olmağa çalışır.

Fərhad Haqverdi (gənc rəssamlar Həsən Haqverdi, Arif Əmirov və Aydın Bağırovla əməkdaşlıqda)

"YARd ArT" layihəsi (İctimai quraşdırma)

Bakı şəhərində hər bir evin həyəti və ya arxa həyəti çox özəl, ən baxımsız halda olan, həmçinin geniş istifadə və nəzarət altında olan bir məkandır. Bir sıra arxa həyətlərdə şəkil və qrafika rəsmlərini çəkməklə rəssamlar məkanı dəyişməyə sövq edir.

Çingiz Babayev "Müsbət, ya mənfi?" (Qarışıq media)

Bu konseptual və fəlsəfi multimedia layihəsi Bakı şəhərində insan axınlarının sıxlığı müşahidə olunan ərazilərdə ictimai emosiyaların yaranmasına ünvanlanıb. Çingiz Babayev sıx insan sıralarında şəhər sakinlərinin emosional vəziyyətini tədqiq edir və şəhərdə əhval-ruhiyyənin əsl surətini aşkar etməyə çalışır.

Səbinə Şıxlinskaya "Planeti Xilas Edək" (Səyyar ekoloji layihə)

Rəssam şəhər avtobusunu avtovağzal dayanacağında park edilmiş, plastik qutuları yığan nəqliyyat vasitəsinə çevirməklə əhalini ekoloji məsələlərlə bağlı məlumatlandırmaq niyyətindədir. Üstü qrafiti üslubunda bəzədilmiş avtobus avtovağzalda yerləşən müxtəlif dayanacaqlarda park olunacaq və bu zaman əhali arasında məlumat bukletləri paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti