...

Dnepropetrovskda Azərbaycan Ukrayna arasında mədəni-tarixi əlaqalərə həsr olunmuş dəyirmi masa keçirilib

Mədəniyyət Materials 17 Mart 2013 15:27 (UTC +04:00)
Cümə günü Ukraynanın Dnepropetrovsk şəhərində Dnepryanı bölgədə köçəri tayfaların mədəniyyətinə həsr edilmiş mütəxəssis dəyirmi masası keçirilib.
Dnepropetrovskda Azərbaycan Ukrayna arasında mədəni-tarixi əlaqalərə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Cümə günü Ukraynanın Dnepropetrovsk şəhərində Dnepryanı bölgədə köçəri tayfaların mədəniyyətinə həsr edilmiş mütəxəssis dəyirmi masası keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Dnepropetrovsk vilayət şurasının sədri Yevgeni Udod, Azərbaycan Respublikasının Ukraynadakı Səfiri Eynulla Mədətli, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Zaur Həsənov, köçəri tayfaların mədəniyyətini öyrənən Ukrayna alimləri, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri, KİV nümayəndələri və s. iştirak edib.

Dəyirmi masada çıxış edən Dnepropetrovsk vilayət şurasının sədri Yevgeni Udod Azərbaycan və Ukrayna xalqları arasında tarixi və mədəni bağlılılardan danışmış, tarixin xalqlarımızın qohumluq əlqələrinə sübutlarla zəngin olduğunu vurğulayıb. O, skiflərin irsinin həm Azərbaycan, həm də Ukrayna xalqının formalaşmasında zəngin rolu olduğunu qeyd etmişdir.

Skif mədəniyyəti barədə məruzə ilə çıxış edən səfir Eynulla Mədətli köçəri tayfaların və xüsusilə türkmənşəli skif tayfalarının hazırkı Ukrayna ərazisində qoyduğu izlərin xalqlarımız arasında tarixi və mədəni əlaqələrin incisi olduğunu demiş və bu irsin dərindən öyrənilməsi üçün birgə səy göstərilməsinin zəruriliyini vurğulamışdır.

Səfir Mədətli Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər qurulmamışdan qabaq mövcud olan əlaqələrdən də ətraflı danışıb. O, çıxışında qədim dövrlərdə ümumi əcdadlarımız olan skiflərin, sarmatların, hunların, avarların, bulqarların, xəzərlərin və digərlərinin Qafqaz və Qara dəniz sahillərində, Dnepr boyunda sonrakı dövrlərdə dövlətçilik və mədəniyyətlərin inkişafına zəmin yaradan böyük mədəniyyətlər yaratdığını vurğulayıb.

Tədbirin yekununda iştirakçılar mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi barədə qətnamə qəbul etmişlər.

Həmin gün Dmitri Yavornitski adına Dnepropetrovsk tarix muzeyində Ukraynada ilk dəfə "Zolotaya Skifiya" adı altında skif mədəniyyəti sərgisi açıllıb. 25 əsrlik skif mədəniyyətini əks etdirən sərgini sərgiyə hamilik edən Ukrayna Baş nazirinin müavini Aleksand Vilkul açıb.

Azərbaycanın Ukraynadakı səfiri də sərginin açılışında iştirak və çıxış etmişdir. Baş nazirin müavini həm Dnepropetrovsk vilayətinin qubernatoru olduğu zaman, həm də indiki vəzifəsində ölkəsinin Azərbaycanla mədəni-mənəvi əlaqələrinin inkişafına önəm verdiyini, Azərbaycan icması ilə sıx təmasda olduğunu və bu sahədə Azərbaycan səfirliyinin fəaliyyətinə böyük dəyər verdiyini qeyd etmişdir. Baş nazirin müavini eyni zamanda bu il dəvət üzrə məmnuniyyətlə dost qardaş ökləyə - Azərbaycana səfər edəcəyini bildirmişdir.

"Zolotaya Skifiya" sərgisinin özəlliyi skif mədəniyyətinə aid bütün mövcud eksponatların ilk dəfə birlikdə nümayiş etdirilməsidir. Eksponatlar öncələr hissə-hissə Yaponiya, Almaniya, Polşa, ABŞ və digər ölkələrdə nümayiş etdirilmişdi. Sərginin açılışında çıxış edən Ukrayna Baş nazirinin müavini Aleksandr Vilkul skif tarixinin Ukrayna, Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələrin formalaşmasının özəyini təşkil etdiyini demiş, siyasətçiləri birgə siyasi və iqtisadi maraq axtarmaqdan daha çox tarixi bağlılıqlarımızı araşdırmağa çağırmışdır.

Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, UNESCO-nun etnomədəniyyətlər üzrə eksperti Sənubər Bağırova skif mədəniyyəti nümunələrinin UNESCO-da maddi-mənəvi irs kimi təqdim edilə bilməsi üçün məsləhətlərini vermişdir.

Tədbriin təşkilatçısı, Dnepropetrovsk vilayət şurasının sədri Yevgeni Udod 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində keçiriləcək UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında bu sahədə mühüm addım atılacağına və Azərbaycan tərəfindən müvafiq dəstək alacaqlarına ümid etdiyini bildirmiş və yüksək səviyyədə hazırlanmış bu böyük mədəniyyət tədbirinin keçirilməsində Dnepropetrovskda yaşayan Azərbaycanlı iş adamı, vilayət şurasının deputatı Fəxrəddin Muxtarovun əməyini ayrıca qiymtələndirmişdir.

Xəbər lenti

Xəbər lenti