...

Dekorativ-tətbiqi sənət nümunələrindən ibarət "Novruz töhfələri" adlı satış sərgisi keçirilib

Mədəniyyət Materials 5 Aprel 2013 18:19 (UTC +04:00)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Novruz bayramı ilə əlaqədar olaraq “Novruz töhfələri” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət satış sərgisi keçirilib.
Dekorativ-tətbiqi sənət nümunələrindən ibarət "Novruz töhfələri" adlı satış sərgisi keçirilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Novruz bayramı ilə əlaqədar olaraq "Novruz töhfələri" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət satış sərgisi keçirilib.

Bu sərgidə ziyarətçilər xalqımızın qədim adət-ənənələrinin ruhunu özündə əks etdirən eksponatlarla yanaşı, müasir, yeni üslublu, avanqard sənət nümunələri ilə də tanış olublar. May ayının 15-dək sözügedən sərginin fonunda digər sərgilərin də təşkili nəzərdə tutulub.

Sərginin ekspozisiyası Rəssamlıq Akademiyasının peşəkar müəllim və tələbə heyətinin yaradıcılıq işlərindən təşkil olunub. Eyni zamanda, sərgidə Quba rayonunun "Xalça dünyası assosiasiyası"nın tanınmış nümayəndəsi xalçaçı-rəssam Fatimə Ağamirovanın müəllifi olduğu xalçalar nümayiş etdirilib.

Muzey-Sərgi Kompleksi may ayının 15-ə qədər "Yaradıcı Qadınlar Assosiasiyası" və digər təşkilatlarla ardıcıl olaraq müxtəlif sərgilərin keçirilməsini nəzərdə tutub.

"Novruz töhfələri" adlı sərgidə iki əsəs tendensiya müşahidə olunub. Biri ənənəvi, digəri isə müasir biçimli kreativ əsərlər. Ekspozisiyada dekorativ-tətbiqi sənətin xalça, qobelen, batika, bədii keramika, bədii şüşə, bədii metal, zərgərlik və digər növləri nümayiş etdirilib. Bütün bunlarla yanaşı, sərgidə akademiyanın tələbələrinin rəngkarlıq, qrafika və heykəltəraşlıq işləri də sərglənib. Sərgidə 500-dən artıq eksponat nümayiş olunub.

Ekspozisiyada, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin nəznində fəaliyyət göstərən "İstedad" təsviri sənət kurslarında təhsil alan azyaşlı uşaqlar, yeniyetmələr, abituriyentlər və həvəskar rəssamların da əl işləri nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin nəzdində fəaliyyət göstərən "İstedad" təsviri sənət kurslarında azyaşlı uşaqlar, yeniyetmələr, abituriyentlər, həvəskarlar (yaşından aslı olmayaraq hər kəs) üçün rəsm, rəngkarlıq, heykəltəraşlıq və qrafik-dizayn şöbələri üzrə tələbələrin yığımı davam edir. Eyni zamanda, təsviri sənət kursları incəsənət vurğunları üçün (yaşından aslı olmayaraq hər kəs) yay məktəbi təşkil edəcək. Burada dekorativ-tətbiqi sənətin müxtəli sahələri (xalça, qobelen, batika, bədii keramika və s.) tədris ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti