Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi A.S.Puşkin adına Kütləvi Kitabxananın köçürülməsinə razılıq verməyib.
Nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova Trend-ə bildirib ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi kitabxananı öz yerləşdiyi binadan köçürmək istəyirdi:
"Nəsimi bazarının yanında Sarabski adına klubu söküblər. Klub müvəqqəti olaraq bu kitabxanada yerləşib. Ancaq indi Mədəniyyət Evini tam şəkildə kitabxanada yerləşdirmək istəyirdilər. Biz isə buna imkan vermədik".
L.Məmmədova kitabxananın köçürülməsinə hansı səbəbdən razılıq vermədiklərini də açıqlayıb.
O deyib ki, Puşkin adına Kitabxananın yerləşdiyi əraziyə yaxın başqa kitabxana yoxdur. Ora həm də əhalinin sıx məskunlaşdığı ərazidir: "O zonada kitablara tələbat çoxdur. Həmin ərazidə əhali sıx məskunlaşıb, yaxınlıqda çoxlu təşkilatlar, idarələr, məktəblər var. Ona görə də kitabxananı köçürmək olmaz".