...

V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mədəniyyət Materials 11 Sentyabr 2013 16:29 (UTC +04:00)
18-28 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

18-28 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 5-ci ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir. Builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petri Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.

Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də çıxış edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta Kamera Xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcəklər.

Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb. Artıq üçüncü ildir ki, festival "Musiqi olimpi" fondu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdən gənc beynəlxalq müsabiqə laureatları festivalda çıxış edirlər.

Festival çərçivəsində musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" musiqili komediyasının 100 illiyinə həsr olunmuş yubiley tamaşası, dahi italyan bəstəkarı C.Verdinin 200 illiyi münasibətilə GUAM ölkələri solistlərinin iştirakı ilə "Aida" operası nümayiş olunacaq. Opera və Balet Teatrının kollektivi festival günlərində tamaşaçıları italyan bəstəkarı Q.Donisettinin "Sevgi şərbəti" operasının premyerasına dəvət edəcək.

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri dirijor P.Rundel və vokalçı Bricit Pinterin iştirakı ilə dahi аlman bəstəkarı Rixard Vaqnerin 200 illiyinə həsr olunmuş yubiley konsertini tamaşaçılara təqdim edəcək.

Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi" adlı elmi konfrans və konsertin keçirilməsi də yer alıb. İlk dəfə olaraq tədbirlər sırasında Rusiyadan tanınmış orqan ifaçısı Svetlana Berejnayanın iştirakı ilə orqan musiqi axşamı təşkil ediləcək.

Üzeyir Hacıbəylinin ev-muzeyində "Üzeyir evinin qonaqları" layihəsi adlı silsilə konsertlərdə gənc musiqiçilər iştirak edəcəklər. Hər il olduğu kimi, Ağcabədidə "Qarabağ" Muğam mərkəzində təşkil edilən festival tədbirində Şuşa Musiqili Dram Teatrının "Üzeyir Hacıbəyli. Musiqi və gülüş dünyası" adlı tamaşası təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti