...

V Üzeyir Hacıbəyli festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub

Mədəniyyət Materials 19 Sentyabr 2013 18:41 (UTC +04:00)
Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub.
V Üzeyir Hacıbəyli festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub.

İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konserti açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq dahi Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafındakı böyük əməyindən söhbət açıb. Sonra F.Əlizadə ABİ-nin yeni üzvləri bəstəkar Pikə Axundovaya, həmçinin musiqişünaslar Xatirə Həsənzadə və Əminə Əliyevaya üzvlük kitabçalarını təqdim edib.

Daha sonra Əziz Qarayusifli Türkiyə bəstəkarı Özkan Manavın solo klarnet üçün "Taksim" əsərini səsləndirib.

Konsertdə, həmçinin Şəhriyar İmanovun öz ifasında solo tar üçün "7 məqam", Mədinə Şahgəldiyeva (kamança) və Sevinc Kərimovanın (piano) ifasında Dadaş Dadaşovun kamança və piano üçün "Şərq kapriççiosu", Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Sərdar Fərəcovun iki piano üçün (Azərbaycan) "Konsert süitası" səsləndirilib.

Proqramda, həmçinin tatar bəstəkarı Rəşid Kalimullinin soprano, fleyta, violonçel, piano üçün "Rivayat" poeması, özbək bəstəkarı Rüstəm Abdullayevin piano üçün "Novruz freskaları", Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın solo violin üçün "Şövq", qazax bəstəkarı Artık Toksanbayevin trio üçün "Steppe sketshes" əsərləri də ifa olunub. Əsərləri Fatimə Cəfərzadə (soprano), Nicat Salmanov (fleyta), Eyyub Əliyev (violonçel), Leyla Əliyeva (sprano), Aynur Xəlilova (violin), Ümidə Abbasova (violin) səsləndiriblər.

Tanınmış xanəndə Mütəllim Dəmir Şəhriyar İmanov (tar) və Elvin Novruzovun (kamança) müşayəti ilə Şəfiqə Axundovanın "Neyçün gəlməz" mahnısını oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti