...

İstanbulda Azərbaycan mədəniyyətini, təbiətini və memarlığını əks etdirən sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 22 Noyabr 2013 14:27 (UTC +04:00)
İstanbulda yerləşən "Riff Art Projects" sərgi salonunda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan obyektivdə" adlı fotosərgi keçirilib.
İstanbulda Azərbaycan mədəniyyətini, təbiətini və memarlığını əks etdirən sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

İstanbulda yerləşən "Riff Art Projects" sərgi salonunda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan obyektivdə" adlı fotosərgi keçirilib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, qalereyada Azərbaycanın insanlarını, mədəniyyətini, təbiətini və memarlığını əks etdirən 100 fotoşəkil sərgilənib.

Tədbirdə Türkiyədə akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri, ictimai, mədəniyyət və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər. Sərginin açılış mərasimində türkiyəli yazar-jurnalist və televiziya aparıcısı Ece Vahapoğlu, müsabiqənin qalibi azərbaycanlı fotoqraf Asim Talıb, onun həmkarı Rəna Əfəndi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzayeva çıxış ediblər.

Ece Vahapoğlu məlumat verib ki, Asim Talıb "Qocalar" əsərinə görə müsabiqənin qalibi seçilib. Azərbaycanın bəzi bölgələrinin uzunömürülü insanları ilə məşhur olmasını qeyd edən E.Vahapoğlu bildirib ki, Asimin "Qocalar" fotoəsəri 1985-ci ildə, artıq 20 ildir Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunda çəkilib.

Ece Vahapoğlu daha sonra deyib: "Hazırda Qahirədə yaşayan tanınmış azərbaycanlı fotoqraf Rəna Əfəndinin "Arzuların kəməri" adlı ilk fotomonoqrafiyasında Bakı-Tbilisi-Ceyhan kəməri boyunca yaşayan sıravi Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşlarının həyatı əks olunub. Rəna Əfəndi, həmçinin 1986-cı il nüvə faciəsindən sonra Çernobl və 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı fotoşəkillərin də müəllifidir."

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzayeva bildirib ki, bugünki sərgi Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycanın möhtəşəm gözəlliyi, onun zəngin mədəni irsi ilə tanış edəcək. Şəkillər tarixi və memarlıq abidələrini, şəhərlərdə, ucqar kəndlərdə çəkilmiş əsrarəngiz Azərbaycan təbiətini və insanların mehribanlığını əks etdirir. R.Rzayeva ümidvar olduğunu bildirib ki, qalereyada sərgilənən fotoşəkillər Azərbaycanda hələ də olmayanları oraya səfər etməyə ilhamlandıracaq.

Qeyd edək ki, sərgi turu Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət göstərdiyi şəhərlər üzrə keçirilib. Ən sonuncu dayanacaq İstanbuldur. Sərginin ilk açılış mərasimi 2012-ci ilin noyabr ayında Londonda olub. Daha sonra 2013-cü ilin mart və iyun aylarında Paris və Brüsseldə təşkil edilib. Fotoşəkillər TEAS-ın elan etdiyi müsabiqəyə Azərbaycan və dünyanın hər bir bölgəsindən göndərilmiş 750-dən çox şəkilin içərisindən seçilib.

Müsabiqənin münsiflər heyəti tanınmış fotoqraf Henri Dallal və "Condé Nast Traveller" jurnalının foto redaktoru Karolin Metkalfdan ibarət idi. Birinci yerə Asim Talıbın "Qocalar", ikinci yerə Etibar Cəfərovun "Bibi Heybət məscidi" və üçüncü yerə Fuad Babayevin "Alovlar və iynə" əsərləri layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti