Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/
SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın Nyu-York konserti anşlaqla keçib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Novruz bayramı münasibətilə xalq artisti Zeynəb Xanlarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki "Master Theatre" adlı konsert kompleksində baş tutub.
Konsert Azərbaycanın milli himninin səsləndirilməsi ilə başlayıb. "Xoş gördük, əzizlərim" adlı proqramda xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları "Xoş gördük", Doğmasan mənə", "Anacan", "Niyə yox deyirsən", "Azərbaycan maralı", "Olmaz, olmaz", "Qadan mən alım", "Gül yanaqlım"ifa edib.
Tədbirdə iştirak edən Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Daha sonra Zeynəb Xanlarova haqqında fikirlərini bölüşən Erik L.Adams onun Azərbaycan mədəniyyətinin, muğamın təbliğinə verdiyi töhfələrı, 50 ilə yaxın Azərbaycan Opera və Balet teatrındakı fəaliyyətini, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bruklin rayonunun rəhbəri bu xidmətlərinə görə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Bruklinin xüsusi mükafatı ilə təltif edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, eyni zamanda bir sıra Azərbaycan diaspor təşkilatları da Azərbaycan mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim edib.
Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub. İki saat yarım davam edən konsert Zeynəb Xanlarovanın "Birlik" mahnısı ilə başa çatıb.