Bakı. Trend:
Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası YUNESKO-nun 38-ci Baş Konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçirilir.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Baş Assambleyanın iclasında Ümumdünya İrs Komitəsinə seçkilər baş tutub və Azərbaycan bu Komitəyə üzv seçilib. Komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət aparır və, o, Ümumdünya İrs Siyahısına əlavələr ediləndə yekun və qərarverici səsə malikdir. Həmçinin Komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və Təhlükə altında olan İrs Siyahısına əlavələr etməyə qərar verir.
Seçkilərdə uğur qazanmağımız ölkəmizin dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, Azərbaycanın öz irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan tərəfi Ümumdünya İrs Komitəsinə seçki kampaniyası çərçivəsində oktyabrın 15-də Parisdə, YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatını və ziyafət təşkil edib.
Komitəyə üzv seçilməyimiz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO yanında Daimi Nümayəndəliyinin və Xarici İşlər Nazirliyinin birgə səyi nəticəsində baş tutub.
Xatırladaq ki, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.