...

Azərbaycan Bolqarıstanda xalça festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 28 İyun 2016 12:28 (UTC +04:00)
24-26 iyunda Bolqarıstanın Kotel şəhərində Kotel şəhər İcra Hakimiyyəti və “Trakiyalıların yolu” Fondunun birgə təşkilatçılığı ilə “Xalçaların yolu” adlı festival keçirilib.
Azərbaycan Bolqarıstanda xalça festivalında təmsil olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

24-26 iyunda Bolqarıstanın Kotel şəhərində Kotel şəhər İcra Hakimiyyəti və “Trakiyalıların yolu” Fondunun birgə təşkilatçılığı ilə “Xalçaların yolu” adlı festival keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festivalda Kotel şəhərinin icra hakimi Kosta Karanaşev, Kotel şəhərinin qubernatoru Tatyana Petkova, Bolqarıstan Xalq Məclisinin GERB partiyasından olan üzvləri, Bolqarıstanın müxtəlif dövlət qurumlarının, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin, Bolqarıstan KİV-lərinin, eləcə də QHT-lərin nümayəndələri iştirak etmişlər.

Festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi iştirak edərək Bakı və Quba xalçaçılıq məktəblərinin müxtəlif nümunələrini nümayiş etdirmişdir.

Tədbirdə çıxış edən K.Karanaşev bu il ilk dəfə olaraq keçirilən bu festivalın tamaşaçıların böyük marağına səbəb olduğunu, bunu nəzərə alaraq festivalın hər il keçirilməsinin qərarlaşdırıldığını bildirdi. O, festivalda nümayiş olunan xalçaların müxtəlif ölkələrin mədəniyyəti və tarixini əks etdirdiyini qeyd etdi.

Daha sonra festivalın təşkilatçılarından olan "Trakiyalıların yolu" Fondunun sədri Diana Kasmetska bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edərək onların müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirdiyini, mədəni mübadilə üçün şərait yaratdığını bildirdi. O, festivalda Azərbaycan, İran, Macarıstan, Meksika, o cümlədən Bolqarıstan xalçalarının nümayiş olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Elmar Ağasıyev Azərbaycanın xalça istehsalına görə dünyada özünəməxsusluğu ilə seçilməsindən, xalçaların insanların inanclarını, dini dünyagörüşlərini əks etdirməklə yanaşı, həm də məişətdə dekorativ əşya kimi istifadə olunmasından söz açdı. Azərbaycan xalçaları barədə ətraflı məlumat verən E.Ağasıyev ornamentlərinə, toxunma üsullarına və mövzularına görə Azərbaycan xalçalarının 7 – Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölündüyünü diqqətə çatdırdı.

Azərbaycan xalçalarının çoxlu sayda bəzək kompozisiyalarına görə fərqləndiyini bildirən E.Ağasıyev onların sayının 600-dən çox olduğunu və bu naxışların dəyərli miras kimi nəsildən nəslə ötürüldüyünü bildirdi. Azərbaycan xalçalarının fərqləndirici xüsusiyyətinə diqqət çəkərək xalçaçılıqda bitki, heyvan, antropomorf və həndəsi motivlərə geniş yer verildiyini qeyd etdi. O, Azərbaycan xalçaçılıq sənətinin nümunələrinin Avropa, ABŞ və Rusiyanın muzeylərində nümayiş olunduğunu əlavə etdi. Daha sonra Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğuladı.

Sonda qonaqları Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olmağa dəvət etdi. Azərbaycan xalçaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Festival boyu Bolqarıstan milli rəqslərindən ibarət konsert təşkil edilmiş və Bolqarıstan milli mətbəxinin nümunələri nümayiş olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti