Bakı. Trend:
Dənizkənarı Milli Parkda rəqs üzrə açıq dərslər keçirilib. Azərbaycan Rəqs Assosiasiyasından (ARA) Trend-ə verilən məlumata görə, dərslər istəyənlər üçün tamamilə pulsuz təşkil edilib.
Açıq dərslər yay mövsümünün bağlanmasına qədər hər bazar günü keçiriləcək. Layihə Azərbaycan Gənclər İttifaqı (AGİ), ARA, Jam SS rəqs studiyası və Bulvar administrasiyasının dəstəyi ilə həyata keçirilir.
Dərslərə qatılmaq istəyən şəxs Dövlət KuklaTeatrının arxasındakı açıq meydançaya hər bazar günü saat 18:00-dan 21:00-dək gələ bilər.
Dərsləri JamSS studiyasının dəfələrlə Azərbaycan və Qafqaz çempionları, Avropa və Dünya mükafatçıları, Rusiyada və Avropada ustad dərslərini keçən peşəkar müəllimləri keçirlər.
ARA prezidentinin müavini Anna Levkina bildirib: "Ötən bazar günü biz bu gözəl bulvarda ilk açıq dərslər keçdik. Bu, böyük və vacib layihədə ilk sınaq günü idi və ona görə də biz milli rəqslər ilə başlamışdıq. Şadıq ki, əhalidə böyük maraq gördük. Meydanda xeyli adam toplaşmışdı. Uşaqlar və böyüklər bizim gözəl müəllim Vüqar Rəhimov və Şəms Həsənzadə ilə rəqs edirdilər. Çox adam layihəyə görə təşəkkür bildirirdi və daha hansı rəqslərin proqramda olacağı ilə maraqlanırdılar".
ARA prezidenti və AGİ sədr müavini Əziz Əzizov bildirib: "Bizim layihənin əsas məqsədi gənclər arasında rəqs sənətini tanıtmaqdır. Düşünürəm ki, ilk gündən göründüyü kimi, biz vəzifəmizin öhdəsindən gəlirik. Milli musiqi və Azərbaycan Dövlət Rəqs Ansamblının rəqsləri meydançaya çoxlu sayda insan cəlb edib. Onların arasında uşaqlar, gənclər və yaşlı nəslin nümayəndələri var idi. Kimsə utanıb rəqs etmirdi və kənardan izləyirdi. Ancaq meydanda fəal iştirak edənlər də var idi. Amma istər-istəməz biz insanlarda maraq gördük. Deməli, öz işimizi davam edəcəyik".
Növbəti bazar günü - iyulun 31-i aşağıdakı istiqamətlər üzrə rəqs dərsləri keçiləcək:
18:00 - Hip-Hop. Müəllim - Andrew Freeman
19:00 - Latino. Müəllimlər - Xəyal Əhmədov və Veronika Talıbova
20:00 - Milli. Müəllimlər - Vüqar Rəhimov və Şəms Həsənzadə
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az