Bakı. Trend:
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Mahnı və Rəqs Ansamblının yaranmasının 15 illiyi münasibətilə təntənəli konsert keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynada xalqımızın qədim və zəngin musiqi mədəniyyətinin təbliğ olunmasında Azərbaycan Mahnı və Rəqs Ansamblının misilsiz xidmətlərindən söz açıb.
Səmərəli fəaliyyətlərinə görə ansamblın kollektivinə Azərbaycan səfirliyinin "Fəxri fərmanı"nı təqdim edən diplomat onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Açıq havada keçirilən bayram konsertində Ukrayna mədəniyyət nazirinin Azərbaycan ansamblına ünvanladığı təbrik məktubu oxunub.
Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən bəhs edən Ukrayna Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Zelenevski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, konqresin Ali məclisinin sədri Alif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digər çıxış edənlər ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsində Azərbaycan Mahnı və Rəqs Ansamblının müstəsna xidmətlərindən danışıblar. Ansamblın Ukraynada böyük nüfuz qazanmasına görə Ukraynanın xalq artisti, Azərbaycan Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Qurban Abbasova dərin minnətdarlıqlarını bildiriblər. Ukraynanın musiqi elitası adından Azərbaycan ansamblının kollektivini təbrik edən tanınmış səhnə ulduzu İrina Persanova Azərbaycanın qədim və zəngin musiqisinin Ukraynada layiqincə tərənnüm olunduğunu bildirib.
Çıxışlardan sonra Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycan Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib.
Azərbaycan ansamblının 15 illik yubileyinə şən və həzin musiqi sovqatları ilə qatılan Ukraynanın tanınmış musiqi kollektivlərinin rəngarən çıxışları böyük coşqu ilə qarşılanıb.
Konsertdən sonra Ukraynada yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgiyə qatılanları əsrarəngiz rəsm əsərləri ilə heyrətləndirən 13 yaşlı Ofeliya Aslana Ukrayna Mədəniyyət Nazirliyinin "Fəxri diplom"u təqdim edilib.
Qeyd edək ki, Ansambl 2001-ci ildə Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaradılıb. Ukraynanın xalq artisti, Müslüm Moqamayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasovun rəhbərliyi ilə yaradılan ansambl ötən 15 il müddətində Ukraynada xalqımızın zəngin musiqi mədəniyyətini layiqincə təmsil edib. Zəngin repertuarları ilə Ukraynanın kütləvi mədəni tədbirlərində fəal iştirak edən Azərbaycan Mahnı və Rəqs Ansamblı indiyədək bir çox beynəlxalq musiqi festivallarının və Ukrayna Mədəniyyət Nazirliyinin ən yüksək mükafatlarına layiq görülüb.