Bakı. Trend:
Avropa Yayım İttifaqının Baş Assambleyası "Eurovision-2017" beynəlxalq mahnı yarışmasının Kiyevdə keçirilməsi barədə yekun qərar qəbul edib.
Trend xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarından olan "UA: Birinci" telekanalının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl "Bild" nəşri təşkilat komitəsinə istinadən məlumat yaymışdı ki, "Eurovision" təşkilatçıları yarışmanın 2017-ci ildə Rusiyada keçirilməsi ilə bağlı danışıqlar aparırlar.
Telekanalın məlumatında isə qeyd olunur ki, artıq məsələyə nöqtə qoyulub: "Dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım İttifaqı Baş Assambleyasının iclasında yekun qərar qəbul edilib. Qərara əsasən, 2017-ci ildə beynəlxalq mahnı yarışmasını Ukrayna paytaxtı qəbul edəcək".
Müsabiqənin yarımfinalı mayın 9 və 11-nə, finalı isə mayın 13-nə planlaşdırılıb.
Xatırladaq ki, "Eurovision-2016" yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu.