...

Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Sentyabr 2018 19:00 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, musiqisevərlərin qatıldığı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliği yönündə fəaliyyət göstərməkdədir. Hazırda Fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr üzrə işlər aparılmaqdadır.

Diqqətə çatdırılıb ki, belə layihələrdən biri “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan “Dədə Qorqud” kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir.

Orkestrın bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Orkestr türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini dünyada tanıtmaq məqsədilə fəaliyyət göstərir və bu istiqamətdə türkdilli xalqların musiqisini beynəlxalq platformada ifa edir.

“Bu bir başlanğıcdır. “Dədə Qorqud” kamera orkestrinə Dədə Qorqud nüfuzunu, Dədə Qorqud yaşını, Dədə Qorqud ölməzliyini arzulayıram”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan musiqi festivalının əhəmiyyətindən söz açıb. Bildirib ki, bu il artıq 10-cü dəfə təşkil olunan festivalın coğrafiyası daha da genişlənib. Festivala tanınmış musiqi kollektivləri qatılıb və onların rəngarəng musiqi proqramları hər kəsin zövqünü oxşamaqdadır.

“Dədə Qorqud” kamera orkestrinin yaradılmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirən V.Əliyev deyib ki, məqsəd Azərbaycan, bütövlükdə türk dünyasının mədəniyyətini, incəsənətini təbliğ etməkdir.

Gecədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti