...

Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim Mixael Hess “Nəsimi dühası müasir kontekstdə” mövzusunda mühazirə deyib (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2018 18:55 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim Mixael Hess “Nəsimi dühası müasir kontekstdə” mövzusunda mühazirə deyib.
Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim Mixael Hess “Nəsimi dühası müasir kontekstdə” mövzusunda mühazirə deyib (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim, nəsimişünas Mixael Hessin “Nəsimi dühası müasir kontekstdə” adlı mühazirəsi keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Festival ilk dəfə olaraq Azərbaycanda sentyabrın 27-dən 30-dək keçirilir.

Trend-in məlumatına görə, M.Hess Bakıya dəvətə və Nəsimi Festivalında iştiraka görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Almaniyalı alim mühazirəsində bildirib ki, Nəsiminin poetik irsi onun geniş dünyagörüşünü və humanizmini əks etdirir: “Şairi həyatı və kainatı qavrama yolunda ruhlandıran mənbələr təbiət və ətraf aləmin gözəlliyidir. Nəsiminin humanizmi insanın ali təyinatını, həqiqətin idrakı imkanlarının hüdudsuzluğunu anlaması, gözəlliyə və mərhəmətə yönəlməsi ilə əlaqəlidir ki, bu da müasir kontekstdə və bəşəriyyətin gələcək inkişafında çox vacibdir”.

M.Hess qeyd edib ki, müasir dövrdə Nəsiminin bütün mənəvi irsinin əhəmiyyətini qiymətləndirmək mümkün deyil: “Hələ bir çox şeyləri öyrənmək lazımdır və mühazirədə tədqiqatın yalnız bir hissəsi təqdim olunub”.

O deyib ki, Nəsiminin poeziyası mütləq həqiqətdə ifadə olunan emosionallığı ilə fərqlənir: “Bu fərqləndirici xüsusiyyət daxili dünyanın axtarışına istiqamətlənib. Və yalnız azərbaycanlılar üçün deyil, eləcə də bütün müsəlman dünyası və avropalılar üçün. Müasir dünyada insanlar mənəvi axtarışdadırlar. Etiqadın tarixi formaları və onların rolu bizim həyatımızda bir sıra dəyişiklikləri tələb edir. Düşünürəm ki, Nəsimi və hürufilər məhz bu yolla addımlayıblar”.

M.Hess 1967-ci ildə Almaniyanın Offenbax şəhərində dünyaya gəlib, 1987-1992-ci illərdə Frankfurt Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti əlaçı magistr diplomu ilə bitirib. 1993-1997-ci illərdə M.Hess Maynz Universitetinin doktoranturasına qəbul olub, görkəmli türkoloq alim Lars Johansonun rəhbərliyi altında doktorluq dissertasiyası yazıb, 1997-ci ilə müdafiə edib. M.Hess Almaniyanın nüfuzlu Maynz, Freie Universitet Berlin, Frankfurt am Main universitetlərində elmi tədqiqatlar aparmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərib Azərbaycan ədəbiyyatından mühazirələr söyləyib. O, universitet illərində türk dili və ədəbiyyatı və islam elmləri ilə yanaşı, yunan dilini də öyrənib. Bir haşiyə çıxıb qeyd etmək istərdim ki, hal-hazırda qabaqcıl dünya elmində sırf bir sahə ilə bağlı tədqiqatlardansa, müxtəlif elm sahələrini özündə birləşdirən əsərlərə üstünlük verilir və kadrların hazırlığında da bu məqsəd güdülür. Şərq dilləri və ədəbiyyatı ilə yanaşı yunan fəlsəfəsini, İslam daxilində yaranmış müxtəlif fikir cərəyanlarını mükəmməl bir tərzdə mənimsəmiş gənc alim tədqiqat sahəsi kimi klassik Azərbaycan ədəbiyyatını və Nəsimi yaradıcılığını seçir. Onun bu sahədə yazdığı əsərlərdə qərbin mükəmməl metodologiyasının Şərq mədəniyyətinə tətbiqindəki uğurlar hiss olunmaqdadır.

2000-2004-cü illərdə Alman Elmi-tədqiqat Assosiasiyası Mixael Hessi böyük Azərbaycan şairi Nəsiminin türkcə divanının tədqiqi proyektinə cəlb edir. Həmin illərdə alim dəfələrlə Bakıya, İstanbula, Konyaya səfər edir, şairin divanının əlyazma nüsxələri ilə tanış olur. M.Hess 2009-cu ildə bu tədqiqatını “Die Sprache des Menschengottes” (Untersuchungen zu Imad əd-Din Nəsimis (d. ca. 1400) türkischem Divan (Həqq əhlinin dili; İmadəddin Nəsiminin türkcə divanı üzərində tədqiqat) adlı kitab halında nəşr etdirir. Bundan sonra alim Almaniyanın nüfuzlu universitetlərindən olan “Freie Universitet” Berlində müxtəlif proqramlara cəlb olunur. M. Hess hürufilik, İslamda hərf simvolizminin yaranması və təkamülü, konkret olaraq, Nəsimi yaradıcılığı ilə bağlı bir sıra sanballı tədqiqatların müəllifidir. Əski ərəb əlifbası ilə yazılmış orta əsrlər türk əlyazmalarının oxunması və araşdırılması sahəsində misilsiz mütəxəssis olan alim bu sahədə də bir sıra tədqiqatlar ərsəyə gətirib.

Mixael Hessin Azərbaycana bağlılığı heç də ədəbiyyatla məhdudlaşmır. 2014-cü ilin oktyabrında alim Almaniyanın Oldenburq şəhərində Carl von Ossietzky universitetində Azərbaycana qarşı 20 Yanvar terroru ilə bağlı məruzə ilə çıxış edib. Həmin ilin noyabrında Mixael Hess Berlində Qarabağ konflikti ilə bağlı məruzə edib.

M.Hess Azərbaycan ədəbiyyatı ilə bağlı mütəxəssis qismində Brill nəşriyyatı tərəfindən İslam Ensiklopediyasının 3-cü nəşrinin hazırlanmasına cəlb edilib. Çoxcildli İslam Ensiklopediyasının nə qədər nüfuzlu bir nəşr olmasını təkrarlamağa ehtiyac yoxdur. Brill nəşriyyat evi bu nəşrin ətrafında müasir dünyamızın ən ünlü alimlərini toplayaraq Ensiklopediyanın yeni nəşrinin hazırlanmasına başlayıb. M.Hess artıq burada “Azərbaycan ədəbiyyatı” adlı icmal xarakterli yazı və Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazarlarımızla bağlı oçerklərlə təmsil olunur. Lakin bu siyahı tam deyil; ensiklopediya üzərində iş davam edir. M.Hess Almaniyanın özündə nəşr olunan ədəbiyyatla bağlı ensiklopediya və lüğətlərdə də Azərbaycan ədəbiyyatı ilə bağlı hissələrin yazılmasında fəal iştirak edir.

Hazırda Qərb şərqşünaslığında klassik Azərbaycan ədəbiyyatını tədqiq edən yeganə nüfuzlu alimin Mixael Hess olduğunu desək, yanılmarıq. Bu alimin Avropa elminin böyük mərkəzlərində klassik irsimizin Qazi Bürhanəddin, Nəsimi, Xətai və başqa nümayəndələri ilə bağlı çıxışları və məqalələri bir azərbaycanlı kimi qəlbimizdə hədsiz minnətdarlıq hissi doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti