...

Teatrda yeni layihə - Uşaqlardan ibarət bədii şura yaradılıb (FOTO)

Mədəniyyət Materials 15 Oktyabr 2018 21:37 (UTC +04:00)
Alternativ bədii şura yeni tamaşanı qəbul edib.
Teatrda yeni layihə - Uşaqlardan ibarət bədii şura yaradılıb (FOTO)

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrında uşaqlardan ibarət alternativ bədii şura yaradılıb.

Teatrdan Trend-ə verilən məlumata görə, alternativ bədii şura yeni tamaşanı qəbul edib. Belə ki, Alya Osmanovanın rus nağılı əsasında səhnələşdirilmiş və quruluş verdiyi "Kim güclü, kim ağıllı?" uşaq tamaşasında ağlın, dərrakənin mahiyyəti ön plana çəkilir. Dovşan və onun uzaqgörən, ağıllı, fərasətli dostu kirpinin ağıllı mübarizəsi süjet xəttini təşkil edir. Meşə qanunları ilə yaşayan heyvanların gücün sayəsində deyil, məhz ağlın hesabına düşmənə qalib gəlməsini dovşanın timsalında görmək olar. Əslində elə müəllifin və rejissorun uşaq və yeniyetmələrə ötürdüyü mesaj da məhz budur: həyatda, böyük ideallar uğrunda mübarizədə qol gücünə yox, ağlın, zəkanın qüdrətinə arxalanmaq lazımdır.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək yaradıcı heyəti təbrik etdi, bu əsərin uşaqlarda zəkaya arxalanmaq, səbr, təmkin və düşüncə ilə qələbəyə doğru getməyə inamın formalaşacağına əminliyini söyləyib. Habelə, natiq teatrda yeni bir layihənin gerçəkləşməsindən də məmnun olduğunu bildirib. Belə ki, şəhərin ədəbiyyata, incəsənətə meyilli, əlaçı uşaqları arasından seçmə yolu ilə alternativ bədii şura yaradılıb. Bundan sonra uşaq tamaşalarının qəbulunda məhz alternativ bədii şuranın da rəyi nəzərə alınacaq.

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov M.Həmidovun bu ideyasını uşaq tamaşalarında uşaqların istək və arzularının nəzərə alınması, aktual mövzuların gündəmə gətirilməsi yönümündən effektiv nəticə verəcəyini bildirib. Daha sonra Alternativ bədii şura üzvləri çıxış edərək fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti