...

Qara Qarayevin ev-muzeyində bəstəkarın xatirəsi anılıb (FOTO)

Mədəniyyət Materials 14 May 2019 09:38 (UTC +04:00)

Bakı. Trend:

Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anım günüdür.

Trend-in məlumatına görə, bu münasibətlə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkarın xatirəsi anılıb.

Muzeydə bəstəkarın şəxsi əşyalarından fotoobyektlər, ailəyə məxsus olan məktublar, fotolar, parker qələmləri nümayiş olunub.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkarın qızı Züleyxa Qarayeva tədbir iştirakçılarını salamlayaraq Qara Qarayevi yada salıb gədiklərinə görə hamıya minnətdarlığını bildirib. O, muzeyin eksponatları haqda məlumat verib. Qeyd edib ki, dövlətin göstərdiyi qayğı nəticəsində onun yaradıcılığı unudulmur.

Tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə deyib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rol oynamış bir sənətkardır: “Əlbəttə Qara Qarayevin bir sıra nailiyyətləri var ki, onlar bizim üçün bir sərvətdir. Onun yaratdığı məktəb indi də öz bəhrəsini verir”.

Qeyd edib ki, Qara Qarayevin sənəti çox rəngarəngdir və onun əsərlərini hər dəfə dinlədikcə yeni cəhətlər kəşf edilir.

Sonra bəstəkarın “Çılğın Qaskoniyalı” müziklindən fraqmentlər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti