...

“Muzey əşyalarının daimi mühafizə portalı”na dair treninqin ilkin mərhələsi keçirilib (FOTO)

Mədəniyyət Materials 22 İyun 2019 00:08 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin 20 iyun tarixində Qəbələ şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ilkin mərhələsi baş tutub.

Trend-in məlumatına görə, “AdZone” İT şirkəti tərəfindən “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilmişdir. Bununla əlaqədar, rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsinə dair üç mərhələdən ibarət regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yaranıb.

Sözügedən Təqdimat-treninq Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, həmin şöbənin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli və həmin muzeyin baş fond mühafizi Aida Axundova və “Adzone” şirkətinin əməkdaşları, habelə İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilib.

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib.

Bu kimi təqdimat – treninqlərin keçirilməsinin səmərəli olacağını hesab edərək respublikanın bütün bölgələrində təşkil edilməsi planlaşdırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti