...

Portuqaliyanın iki tarixi abidəsi Ümumdünya İrs Siyahısına daxil edilib (FOTO)

Mədəniyyət Materials 7 İyul 2019 12:34 (UTC +04:00)
İyulun 7-də Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir
Portuqaliyanın iki tarixi abidəsi Ümumdünya İrs Siyahısına daxil edilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 7-də Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir. Plenar iclasda Dünya İrs Siyahısına təqdim edilən nominasiyalara baxılıb.

Trend-in məlumatına görə, iclası açan sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev hər kəsi salamladıqdan sonra bildirdi ki, ötən gecə dünya şöhrətli braziliyalı gitaraçı, bəstəkar, müğənni, bossa-nova musiqi janrının banisi Juan Julbertu vəfat edib. Sədr Braziliya nümayəndə heyətinə başsağlığı verdi. Tanınmış musiqiçinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra sessiyada gündəliyə uyğun olaraq Portuqaliyanın təklif etdiyi Mafra Kral sarayı kompleksi haqqında nominasiya faylının müzakirəsi başlandı. 1737-ci ildə inşası başa çatmış tarixi-memarlıq kompleks barədə məlumat verilib.

Dünya İrs Komitəsinin üzvlərindən Azərbaycan, Qvatemala, Uqanda, Tunis və başqa dövlətlərin təmsilçiləri təklifin düzgün hazırlandığını vurğuladılar, bir sıra tövsiyələri verdilər. Saray kompleksinin yaxşı vəziyyətdə saxlanıldığı qeyd edildi və Dünya İrs Siyahısına salınmasından sonra daha yaxşı qorunacağı vurğulandı. Qərar layihəsi tövsiyələr nəzərə alınmaqla qəbul edilib.

Müzakirəyə çıxarılan ikinci məsələ də Portuqaliyadakı dini-mədəni məkan – Braqa şəhəri yaxınlığındakı müqəddəs İsa dağı ziyarətgahı (Sanctuary of Bom Jesus do Monte) ilə bağlı idi. İCOSOM məruzəçisi nominasiya haqqında məlumat verərək bildirdi ki, altı əsr əvvəl dağın zirvəsində inşa edilmiş kilsə və onun bufer zonasında iyirmi ildir ki, bərpa və konservasiya işləri davam edir.

Məruzədən sonra üzv dövlətlərin nümayəndə heyətləri müzakirəyə başladılar. Braziliya, Tunis, Zimbabve, İspaniya, Azərbaycan, Tanzaniya, Qvatemala və digər ölkələrdən çıxışçılar ziyarətgahın yerləşdiyi məkanın təbii şəraitin də qiymətləndirilməsinin vacibliyini qeyd etdilər.

Nümayəndə heyətlərinin təklifləri qərar layihəsində nəzərə alınaraq düzəlişlər olundu və abidənin Dünya İrs Siyahısına salınması barədə qərar qəbul edildi.

Portuqaliya nümayəndə heyəti sessiyaya minnətdarlığını bildirdi, hər kəsi tolerantlığın hakim olduğu Braqa ziyarətgahına dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti