...

Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunub

Mədəniyyət Materials 17 Dekabr 2019 09:33 (UTC +04:00)
Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunub
Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunub

Bakı. Trend:

Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Gecədə Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alanya), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il sentyabrın 4-də tanınmış rəqqasənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti