...

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mixail Parxomovski ilə görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2020 19:10 (UTC +04:00)
Qara Qarayevin tələbəsi, Rusiyanın Əməkdar artisti, Moskva, Sibir və İsrail skripkaçılar ansambllarının yaradıcısı və bədii rəhbəri, bəstəkar, aranjemançı Mixail Parxomovski ilə görüş keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mixail Parxomovski ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 11 fevral 2020-ci il tarixində tanınmış skripkaçı, həmvətənimiz, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi, Rusiyanın Əməkdar artisti, Moskva, Sibir və İsrail skripkaçılar ansambllarının yaradıcısı və bədii rəhbəri, bəstəkar, aranjemançı Mixail Parxomovski ilə görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova fəxri qonağı salamlayaraq giriş sözü ilə çıxış etmişdir. Görüşdə M.İ.Parxomovski Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Azərbaycan bəstəkarları - Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Oqtay Kazımov, dünya bəstəkarları – İ.S.Bax, İ.Brams, G. Hendel, V. A. Motsart, P.İ.Çaykovski, N. Rimski-Korsakov, S.Raxmaninov və başqa bəstəkarların əsərlərinin skripkaçılar ansamblı üçün özünün müəllif işləmələrini (Ümumilikdə : 232 partitura), foto, qramval və disk hədiyyə etmişdir.

M.İ.Parmoxovski Bakıya gəlməsində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etmə fikrinin reallaşmasında göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayevə, böyük dostu, bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Fərəc Qarayevə öz dərin təşəkkürünü bildirmişdir.

Muzeyin şöbə müdiri Xanım Abdinova Mixail Parxomovskinin yaradıcılıq fəaliyyəti, təhsil illəri, konsert fəaliyyəti haqqında danışmışdır. Sonra M.İ.Parxomovski həyatının Bakı dövrü və yaradıcılığında böyük rol oynamış “musiqi atası” adlandırdığı müəllimi, dahi bəstəkar Qara Qarayev haqqında xatirələrini tamaşaçılarla bölüşmüşdür. Alla Bayramova muzeyin nəşri olan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının M.İ.Parxamovskiyə hədiyyə edib.

Görüşün bədii hissəsində Azərbaycan Dövlət Simli Kvarteti və Bakı Musiqi Akademiyasının “Detaşe” Violinoçular Ansamblının (Bədii rəhbər - Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva) ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

“Aziz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Nübar Həsənova təbrik çıxışı ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti