...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi I Onlayn Festival-Müsabiqənin gedişatını müzakirə edib (FOTO)

Mədəniyyət Materials 6 May 2020 19:51 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  I Onlayn Festival-Müsabiqənin gedişatını müzakirə edib (FOTO)

Bakı. Trend:

Ötən ay Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Gününə həsr olunmuş “Qələbəyə doğru!” I Onlayn Festival-Müsabiqənin keçirilməsini elan edib. Müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsdir.

Bununla əlaqədar Baş İdarə Festivalın təşkilat komitəsinin üzvləri ilə videokonfrans keçirib. Videokonfrans zamanı münsiflər heyətinin üzvlərinə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən Festivalın şərtlərinə uyğun olaraq 237 ədəd videoçarx daxil olduğu bildirilib.

Həmin videoçarxlar Baş İdarənin baku-art.az rəsmi internet səhifəsində yerləşdirilib. Həmçinin I Onlayn Festival-Müsabiqənin reqlamenti ilə bağlı texniki məsələlər müzakirələr olunub.

Xatırladaq ki, bir turdan ibarət I Festival–Müsabiqə “fortepiano”, “xalq çalğı”, “simli”, “nəfəs alətləri”, “xanəndə”, “vokal”, “estrada oxuma” və “rəsm” ixtisasları üzrə nominasiyalarda Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.

İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə I Onlayn Festival-Müsabiqəyə qatılıblar. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınıb. Çıxışlar peşəkar münsiflər heyəti tərəfindən 10 ballı sistem ilə qiymətləndiriləcək. Yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən edilir. Münsiflər heyətinin qərarına əsasən hər nominasiya üzrə I, II, III yerlərə layiq görülmüş iştirakçılar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təsis etdiyi müvafiq diplomlarla təltif olunacaq:

I yer – 1 nəfər (hər qrup və hər nominasiya üzrə) I dərəcəli diplom;

II yer – 2 nəfər (hər qrup və hər nominasiya üzrə) II dərəcəli diplom;

III yer – 3 nəfər (hər qrup və hər nominasiya üzrə) III dəirəcəli diplom.

I Onlayn Festival-müsabiqədə “Tamaşaçı rəğbətini qazanan iştirakçı”nın seçilməsi də nəzərdə tutulub. Xüsusi fərqlənən iştirakçılar Fəxri Fərmanlarla təltif ediləcəklər. Tamaşaçılar I Festival-Müsabiqəyə təqdim olunan əsərləri Baş İdarənin baku-art.az rəsmi internet səhifəsində, http://az.baku-art.az/az/musabiqe keçidi vasitəsilə izləyib bəyəndikləri iştirakçıya səs verə bilərlər. Səsvermə Böyük Vətən Müharibəsinin başa çatdığı gün mayın 8-dən 9-a keçən gecə bitəcək.

I Onlayn Festival-Müsabiqənin təqdimat çarxı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti