Bakı. Ceyhun Ələkbərov - Trend:
Tovuz rayonu Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb.
Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülmüş “Qala düzü” abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat daxil olub.
Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub. Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.