...

Mərhəmət və ümid işığı... Bakı Bələdiyyə Teatrının kollektivi "Sonsuz Tanrı məhəbbəti" tamaşasını təqdim edib (FOTO)

Mədəniyyət Materials 11 Dekabr 2021 10:48 (UTC +04:00)
Mərhəmət və ümid işığı... Bakı Bələdiyyə Teatrının kollektivi "Sonsuz Tanrı məhəbbəti" tamaşasını təqdim edib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Bələdiyyə Teatrının kollektivi "Sonsuz Tanrı məhəbbəti" tamaşasını təqdim edib.

Trend-in məlumatına görə, premyera böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Tamaşanın quruluşçu-rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovun sözlərinə görə, o, bu səhnələşdirilmiş kompozisiya üzərində bir ilə yaxın işləyib.

"Bu quruluş mənə çox yaxındır, tamaşanı hazırlamaq üçün mən "Xəmsə"ni bir daha oxudum. "Sonsuz Tanrı məhəbbəti" üçün mən böyük mütəfəkkir və şair Nizami Gəncəvinin hər poemadan fikirlərini seçdim. Qeyd edim ki, Nizami Gəncəvi tanrıya yaxın insan olub, ona görə tamaşamız belə adlanır", - deyə rejissor bildirib.

Tamaşadan əvvəl Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təxminə Bədəlova və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Nizami Gəncəvinin yaradıcılıq irsindən danışıblar. Vurğulanıb ki, Nizami Gəncəvi öz əsərlərində ədalət, bərabərlik, sülh kimi dəyərləri tərənnüm edib və bu ideyalar və dəyərlər bu gün də aktualdır.

Daha sonra “Sonsuz Tanrı məhəbbəti” əsəri tamaşaçıların diqqətinə çatdırılıb.

Tamaşada Nizami Gəncəvi obrazını Tural Əhməd canlandırıb, həmçinin əməkdar artistlər Səmayə Sadıqova, Əhməd Salahov, Şahzadə Babayeva, Rafiq İbrahimov, Hüsniyyə Mürvətova, aktyorlar Tural Baxış, Zülfiyyə Məmmədova, İsmayıl Atakişiyev, Məmmədağa Əlicanzadə, Toğrul Rza, Ülviyyə Rza, Elçin Muradov, Günel Həmidova və Əzizə Həşimova yer alıb.

Tamaşanın səhnələşdirilməsində Nizaminin əsərləri üçün miniatürlərdən istifadə olunub. Onların ekranda nümayiş etdirilməsi tamaşaya cəlbolunma effekti yaradırdı.

Tamaşanın sonunda bütün qəhrəmanlar əllərində yanan şamlarla səhnəyə çıxdılar və bu, sanki hər kəsin - həm aktyorların, həm də tamaşaçıların qəlbində inam və ümid işığını simvolizə edirdi.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı İlham Əsgərov, musiqi tərtibatçısı Nazim Abidov, işıq üzrə rəssamı Tərlan Ələsgərli olub.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti