Bakı. Trend:
Bakı Uşaq və Gənclər Teatrı mövsümün bağlanış tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirib.
"Cənnətə bilet" tamaşasının müəllif və rejissoru İlhamə Əhmədovadır.
Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub. II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb. Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.
Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur.
Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba - Mehman Piriyev, nənə - Flora Hüseynova, şəhid - Qurban Əhmədov (ll Qarabağ müharibəsi iştirakçısı), gəlin - Gülnar Əlizadə, uşaqlar - Toğrul İsabəyli və Əli Babayev.
Tamaşada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev də iştirak edib.
Sonda şəhid anaları, qazilər tamaşanın yaradıcı heyətinə öz təşəkkürlərini bildiriblər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbərliyinə və kollektivinə tamaşamızın nümayişi üçün göstərdiyi əvəzsiz dəstəyə görə təşəkkürümüzü bildiririk.