...

“4.4 Qısa Tamaşalar Festivalı” davam edir (FOTO)

Mədəniyyət Materials 30 Noyabr 2022 13:58 (UTC +04:00)
“4.4 Qısa Tamaşalar Festivalı” davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.

Festivalın dördüncü günü münsiflər heyətinin bir gün əvvəl nümayiş olunan Füzuli Dövlət Dram Teatrının “Tənhalığın evi”, Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” və S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Maneken” tamaşalarının müzakirəsi ilə başladı. Müzakirədə Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli bu tamaşalar haqqında fikirlərini iştirakçılara çatdırdılar. Gənc ekspertlərin adından Fatimə Qurbanzadənin çıxışı da müzakirə iştirakçıları tərəfindən maraqla qarşılandı. Daha sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Gəncə Dövlət Kukla Teatrının “Dərdlərimin çamadanı” (müəllif Hafiz Ataxanlı, rejissor Fərmail Paşayev), S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Mühacirlər” (müəllif Slavomir Mrojek, rejissor Ümüd Abbas) tamaşaları oynanıldı. Müsabiqədənkənar proqram üzrə isə seyrçilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının “Kreyser sonatası” və Azərbaycan Dövlət Pantomima Teatrında rejissoru Ceyhun Dadaşov olan “Manqurt” tamaşalarını izləyə bildilər.

Günün əsas hadisələrindən biri də “Dünya teatrı - müasir dövrün qlobal problemləri kontekstində” mövzusunda panel müzakirə oldu. Müzakirə iştirakçıları Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Laşa Çxartişvili, Teatr tənqidçisi David Bukridze, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Teatr Tənqidçilər Birliyinin prezidenti Anara Yerkebay, Teatr Tənqidçisi və The Theatre Times beynəlxalq teatr portalının Rusiya üzrə məsul redaktoru Emiliya Dementsova çıxışları ilə bu problemin bu günü və gələcəyindən söhbət açdılar.

Xatırladaq ki, festivalın təntənəli mükafatlandırma və bağlanış mərasimi noyabrın 30-da keçiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti