...

Mədəniyyət nazirinin vəzifəsini icra edən Adil Kərimli bəstəkar və musiqişünaslarla görüşüb (FOTO)

Mədəniyyət Materials 11 Mart 2023 20:00 (UTC +04:00)
Mədəniyyət nazirinin vəzifəsini icra edən Adil Kərimli bəstəkar və musiqişünaslarla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.

Trend xəbər verir ki, o, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiyanın hazırlanması diqqətə çatdırılıb. Buna uyğun olaraq yeni forma və struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməsi və ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə qonağı məlumatlandırıb.

Eyni zamanda sədr peşəkarlıq, “Mədəniyyət” televiziya kanalının misalında çatışmazlıq, gənc bəstəkar və musiqişünaslara qayğı göstərilməyinin vacibliyi və digər məsələlərdən danışıb. Natiqlər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bəstəkarlar, Xalq aristi Sərdar Fərəcov və Əməkdar İncəsənət xadimi Elnarə Dadaşova, musiqişünas professorlar Tariyel Məmmədov, Həcər Babayeva, Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və bəstəkar İlham Azmanlı çıxış edərək musiqi təhsili, tənqidi, təbliği, kitab və məqalələrin nəşri, əqli mülkiyyət, elektron texniki imkanlardan istifadə, irihəcimli əsərlərin – opera, balet, simfonik musiqilərin səhnə həlli və sair məsələlərlə bağlı problemlərin çözülməsi barədə fikirlərini söyləyiblər.

Sonda belə müzakirələrin əhəmiyyətini qeyd edən Adil Kərimli gələcəkdə də bu görüşlərin mütəmadi şəkildə keçiriləcəyini və problemlərin əməli həllinə çalışılacağını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti