...

MSK Müsavat Partiyasının seçkidə iştirakı dayandırmaq barədə müraciətini qəbul etmədi

Seçki 2015 Materials 29 Oktyabr 2015 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının Milli Məclisə seçkilərdə iştirakını dayandırması ilə bağlı müraciətinə baxılıb.

Trend-in məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının MSK-ya müraciət edərək partiyanın seçkidə iştirakdan imtina etdiyini bildirib.

N.Məmmədov deyib ki, Müsavat Partiyası müraciətində Milli Məclisə seçkilərin 4 ay təxirə salınmasını və MSK-dan partiyanın deputatlığa namizədlərinin namizədliklərini geri götürmək üçün dairə seçki komissiyalarına (DSK) müvafiq tapşırıq verilməsini istəyib.

Sədr müavini bildirib ki, seçkilərin 4 ay təxirə salınması barədə təklif qanunvericiliyə uyğun deyil.

Onun sözlərinə görə, seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur: "Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası isə qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib".

N.Məmmədov deyib ki, partiya namizədlərini özü geri çağırmalıdır: "Ona görə də MSK-dan DSK-larda Müsavat Partiyasının namizədlərinin namizədliklərini geri götürməklə bağlı xahiş anlaşılan deyil. Bütün bunlara görə Müsavat Partiyasının müraciəti hüquqi olmayan meyarlara söykənib".

MSK sədri Məzahir Pənahov isə deyib ki, bu, təmin edilməsi mümkün olmayan müraciətdir: "Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət də artıq ötüb".

MSK Müsavatın Partiyasının müraciətini qəbul etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti