...

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Gündəm Materials 31 Yanvar 2018 17:10 (UTC +04:00)
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib.
Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib.

Trend-in məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bu mükafat ildə bir dəfə Azərbaycan vətəndaşları və əcnəbilərə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunur.

Adlı mükafatlar üzrə müsabiqənin də önəmini qeyd edən Akademiya rəhbəri vurğulayıb ki, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirir.

Qeyd edək ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə martın 1-dək Ekspert Komissiyasına təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti