...

Bu il 2,5 milyon baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvəndlənib (FOTO)

Gündəm Materials 10 Sentyabr 2018 14:46 (UTC +04:00)
Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri başa çatdırılıb
Bu il 2,5 milyon baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvəndlənib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatit xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib.

Bu barədə Trend-ə Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Vaksin lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb.

Eləcə də heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.

Vaksinlər sahə baytarlıq məntəqələrinə paylanıb və peyvəndləmə tədbiri “soyuq zəncir” prinsipinə uyğun aparılıb.

Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılıb.

Artıq peyvəndləmə tədbiri Gürcüstanla həmsərhəd olan rayonlarda və heyvanların kütləvi satışı həyata keçirilən Bərdədə yekunlaşıb.

2018-ci ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 455 071 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti