Bakı. Elçin Mehdiyev - Trend:
2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə”də deyilir.
Məruzədə qeyd olunur ki, bütövlükdə ötən il ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Hesabat dövründə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 72 535 bələdiyyə aktı daxil olub. Onlardan 69 775-i (96%) qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır.
Bələdiyyələr tərəfindən təmin olunmayan təkliflər üzrə aktların dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 9 iddia qaldırılıb. Onlardan 4-ü məhkəmələr tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır.